Sentyabrın 21-də Fransanın yeni hökumətinin tərkibini açıqlanıb. Sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri vəzifələrində çalışmış yeni təyin olunmuş baş nazir Mişel Barnyenin rəhbərlik edəcəyi hökumətdə "Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro xarici işlər naziri vəzifəsinə təyin edilib. O, Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilən "İntibah" partiyasından olan Stefan Sejurneni əvəzləyib. Sebastyan Lekornu Fransa Silahlı Qüvvələri naziri postunu qoruyub, yeni hökumətdə də vəzifəsinə davam edəcək. Yəni, müdafiə naziri postu ona həvalə olunub. Fransa mətbuatının qeyd etdiyi kimi, müdafiə və xarici işlər nazirləri postlarına seçimdə Fransa Prezidenti Emmanuel Makronunun təklifi əsas rol oynayıb. Ümumiyyətlə, 16-sı tam ştatlı nazir olmaqla 38 namizəddən ibarət hökumət siyahısından Emmanuel Makronun xoşuna gəlməyən namizədlər çıxdaş olunublar.
Hökumətin tərkibində erməni əsilli iki nazir də var. Belə ki, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri, Qiyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri vəzifəsinə təyin olunub. Şübhəsiz, bu təyinatlar Emmanuel Makronun ermənipərəstliyindən bir daha xəbər verir. Bununla da o, bir daha “bacı”sına sadiq olduğunu nümayiş etdirib.
Qeyd edək ki, sentyabrın 21-də hələ yeni hökumətin tərkibi elan edilməmiş Emmanuel Makronun yürütdüyü siyasətlə və sağ mərkəzçi Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Barnyenin baş nazir təyin etmək qərarı ilə razılaşmayan müxtəlif assosiasiyalar və solçu partiyaların çağırışı ilə Fransanın 50 şəhər və qəsəbəsində etiraz nümayişi keçirilib. Tələbə Həmkarlar İttifaqı, Lisey Şagirdləri Birliyi, Ailə Planlaması və “Attac France” assosiasiyasının birgə bəyanatında bildirilir ki, Emmanuel Makron Matinyonda sağçı, antisosial, antimiqrant, homofob keçmişi olan və yalnız ifrat sağçıların daimi razılığı ilə idarə edə biləcək bir Baş nazir təyin etməsi xalqı ələ salmaqdan başqa bir şey deyil. Parisdə elə həmin gün yerli vaxtla saat 14:00-da “Makron-Barnye tandemi”nə qarşı Bastiliya meydanına toplaşmış nümayişçilər klassik marşrutla Nasion meydanına doğru irəliləyiblər. Makronu seçkilərdəki məğlubiyyətini tanımağa çağıran nümayişçilər “Makron, istefa!”, “Lənət olsun Barnye hökumətinə!”, “Seçkilər bizdən oğurlandı!”, “Heç nəyi unutmuruq!”, “Yaşasın inqilab!” kimi şüarlar səsləndiriblər. Bu isə o deməkdir ki, fransızlar onların kefinə soğan doğrayan Makronu hakimiyyətdən uzaqlaşdırmaqda israrlıdır.
Bir məsələni də vurğulayaq: Fransa parlamentinin aşağı palatasının ali kollegial orqanı olan Fransa Milli Assambleyasının Bürosu "Yenilməz Fransa" hərəkatının prezident Emmanuel Makronun impiçmenti barədə qərarını təsdiqləyib. Milli Assambleyanın hüquq komitəsi Makronun impiçmenti ilə bağlı qətnaməni təsdiq edərsə, o, gündəliyə daxil edilməlidir. Daha sonra qətnamə parlamentin hər iki palatası tərəfindən nəzərdən keçirilməli və üçdəiki səs çoxluğu ilə təsdiqlənməlidir. "Yeni Xalq Cəbhəsi"nin bir hissəsi olan "Yenilməz Fransa" öz qətnaməsində prezidentin hərəkətlərini "1877-ci ildən bəri Fransa Respublikası institutlarının tarixində görünməmiş addım" adlandırıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda keçirilən Fransa parlamentinə seçkiləri uduzan iqtidar partiyası uzun müddət hökumətə başçı təyin etməyib. İki həftə bundan əvvəl Mişel Barnye Fransanın baş naziri postuna təsdiqlənib. Solçu müxalifətin nümayəndələrinin dövlət başçısının impiçmenti üçün parlamentə müraciət etmələrinin əsas səbəbi Makronun namizədliyi məhz seçkilərdə birinci yeri tutan Yeni Xalq Cəbhəsi alyansı tərəfindən irəli sürülən iqtisadçı Lüsi Kasteni baş nazir postuna təyin etməməsidir. Bir sözlə, solçuların koalisiyası parlament seçkilərində uğur qazanmasına baxmayaraq, Makronun onların nümayəndələrini yeni hökumətdən kənarlaşdırması münasibətlərin gərginləşməsinə və impiçmentin reallaşmasına qədər gətirib çıxarıb.
Fransanın yeni hökumətini “keçid hökuməti” və fransızların gözləntilərindən uzaq hesab edən “Milli Birlik” parlament fraksiyasının rəhbəri Marin Le Pen isə “X” sosial şəbəkəsində bildirib ki, biz Fransanın ayağa qalxmasına imkan vermək üçün çağırdığımız böyük dəyişikliklərə hazırlaşmağa davam edəcəyik. Bu isə o deməkdir ki, fransızlar Makronun siyasi və onun xeyir-duası ilə ərsəyə gələn yeni hökumətin tərkibi ilə barışmaq niyyətində deyil. Bu da “Makron-Barnye tandemi”nə qarşı aksiyaların davamlı olacağından xəbər verir. Bir sözlə, fransızlar onların kefinə soğan doğrayan Makronu hakimiyyətdən uzaqlaşdırmaqda israrlıdırlar.
Bəzi ekspertlər də Barnye hökumətinin uzun müddət davam edə bilməyəcəyini, daha doğrusu, onun ömrünün çox qısa olacağı qənaətindədirlər.
Qvami Məhəbbətoğlu, “İki sahil”