15 noyabr 2017 21:12
939

Mikroçipli dərmanın satışına icazə verilib

ABŞ-da mikroçiplə təchiz edilmiş elektron dərmanın satışına icazə verilib

ABŞ-ın Dərman Preparatları və Qida Məhsullarının Keyfiyyətinə Nəzarət üzrə İdarəsi tarixdə ilk dəfə mikroçiplə təchiz edilmiş elektron dərmanın satışına icazə verib. “Ağıllı” həb dərmanların pasiyentə uyğun olub-olmamasını müəyyən etməyə imkan verən kiçik sensora malikdir.

AZƏRTAC hitech.vesti.ru saytına istinadla xəbər verir ki, “Abilify MyCite” dərmanları “Otsuka Pharmaceutical” və “Proteus Digital Health” şirkətləri tərəfindən hazırlanıb. Mədədə mayelərin təsiri altında aktivləşən “ağıllı” həb pasiyentə adi dərmanları qəbul etməyi xatırladır, orqanizmin onlara reaksiyasını araşdırır, insanın hərəkətlərini izləyir və bütün informasiyanı mobil telefona göndərir.

İdarənin nümayəndəsi Metis Mitçellin sözlərinə görə, yeni dərman xüsusilə psixi pozğunluqdan əziyyət çəkən insanların dərmanların qəbuluna riayət etməsi baxımından çox effektiv ola bilər. Bununla yanaşı, “ağıllı” həblər gizliliklə bağlı bir çox suallar doğurur. Xüsusi örtüyün daxilində yerləşdirilmiş mikroçipdən ibarət olduğuna görə elektron həbləri “sındırmaq” mümkündür. Bu səbəbdən istifadəçinin sağlamlıq vəziyyəti haqqında məlumatı üçüncü şəxslər, həmçinin sığorta şirkətləri asanlıqla əldə edə bilərlər.