05 oktyabr 2024 01:27
554

Şərqi Zəngəzurun qapısı - Zəngilan

Prezident İlham Əliyevin regionun "yaşıl enerji zonası”na çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir

44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı Zəfərimizə daha bir addım yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Həmin tarixdə Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdur. II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Düz dörd il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr tarixi də şanlı Zəfər tariximizin silinməz salnamələrindəndir.

Otuz il işğaldan əziyyət çəkən Zəngilan rayonu özünün yenidən qurulma və çiçəklənmə dövrünü yaşayır. Torpaqlar işğaldan azad olunandan sonra yenidənqurma və tikinti işlərinə başlanaraq ilk yaşayış məntəqəsi məhz Zəngilanda ərsəyə gətirildi. Prezident İlham Əliyevin tapşırığı ilə Zəngilan rayonunun Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası üzrə yenidən tikildi və ötən il öz sakinlərini qəbul etdi. Ağalı kəndi bərpa olunan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yeni simasıdır. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər çərçivəsində mütəmadi olaraq yeni infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edir.

Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonuna növbəti səfəri də bu baxımdan çox zəngin və əhəmiyyətlidir. Ölkə başçısı səfər çərçivəsində Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu, beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu, Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu. Prezident, həmçinin Zəngilan rayonunda "Azərenerji” ASC-nin "Sarıqışlaq” Su Elektrik Stansiyasının və "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Diqqətə çatdırıldı ki, Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Prezident İlham Əliyev "Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

Yuxarıda qeyd olunduğu kimi, ölkə başçısı tərəfindən Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub. Qeyd olunub ki, kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub. Həmçinin, təməli qoyulan altıncı yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq. Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb. Qeyd edək ki, Zəngilan şəhərində quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də 104 mənzilli yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib. Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə də tanış olub. Kompleksdəki otel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Otel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək. Oteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq. Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

Prezident İlham Əliyev "Sarıqışlaq” Su Elektrik Stansiyasını işə saldı. "Sarıqışlaq” SES Oxçu çayının üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - "Cahangirbəyli”, "Şayıflı” və "Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib. "Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq tikilən "Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib. Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib. "Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçu çayının ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir. "Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.

"Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir. Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerji sisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir. Ümumilikdə isə bu günədək "Azərenerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz "yaşıl enerji” istehsal edilir. Prezident İlham Əliyevin regionunun "yaşıl enerji” zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə "yaşıl enerji” hesabına təmin edilir.

Sevinc Azadi, “İki sahil”