07 oktyabr 2024 16:29
357

Aşıq Ələsgərin abidəsinin açılışı əhəmiyyətli mədəniyyət və incəsənət hadisəsidir

Aşıq Ələsgər  yalnız aşıq deyil, həm də Azərbaycanın ən tanınmış fikir adamlarından, böyük istedadlarındandır. O,  Azərbaycanın xalq ədəbiyyatının ən dəyərli nümayəndələrindən biri olaraq, yaradıcılığı ilə xalqının yaddaşında silinməz izlər buraxmışdır. Aşıq Ələsgərin əsərləri, yalnız 19-cu əsrin aşıq ədəbiyyatı ilə məhdudlaşmayıb, hətta bu gün də  aktualdır. Onun yaradıcılığında vətənpərvərlik, sevgi, təbiət gözəlliyi və insanın daxili aləmi kimi mövzular ön plandadır. O, öz şeirlərində xalqının tarixi, mədəniyyəti və qəhrəmanlıqları haqqında yazmış, eyni zamanda insanların duyğularını, hislərini və arzularını ustalıqla əks etdirmişdir. Onun Vətən mövzusunda yazdığı əsərlər, müstəqil Azərbaycanın müasir gəncliyi üçün də ilham mənbəyi olmaqdadır. Aşıq Ələsgər, yalnız bir aşıq kimi deyil, həm də bir vətənpərvər şəxsiyyət kimi tanınır. O, müstəqil Azərbaycanın simvolu, milli kimliyin və mədəni irsin qoruyucusu kimi yaddaşlarda qalmışdır. Onun yaradıcılığı, xalqının mübarizəsi, çətinlikləri və qələbələri ilə doludur. Aşıq, dövrün sosial-siyasi hadisələrini şeirlərində əks etdirərək, insanları mübarizəyə və birlik olmaya çağırmışdır.

Xatırladaq ki, məhz 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi geniş miqyasda qeyd edildi. Həmin yubiley, yalnız Azərbaycan üçün deyil, eyni zamanda SSRİ miqyasında əhəmiyyətli mədəniyyət hadisəsi hesab edildi. Həmin yubiley tədbirləri çərçivəsində Aşıq Ələsgərin yaradıcılığının tanıdılması, aşıq sənətinin inkişafı və onun xalq ədəbiyyatındakı yeri vurğulandı. Yubiley münasibətilə Aşıq Ələsgərin doğma kəndi olan Ağkilsədə onun abidəsi ucaldıldı.

Abidə Aşıq Ələsgərin irsinin və mədəniyyətinin qorunması məqsədini güdür və onun yaradıcılığını gələcək nəsillərə çatdırmaqda mühüm rol oynayır. Abidənin açılışı, mədəniyyət və incəsənət sahəsindəki fəaliyyətlərin təşviqi baxımından da əhəmiyyətli bir hadisə oldu. Aşıq Ələsgərin yubileyinin qeyd olunması, həmçinin milli mədəniyyətin və aşıq sənətinin dəyərlərinin, əhəmiyyətinin artırılmasına, xalqın bu sahəyə olan marağının daha da genişlənməsinə xidmət etdi. Ulu Öndər Heydər Əliyev, bu cür tədbirlərlə Azərbaycan mədəni irsinin qorunması və inkişaf etdirilməsinə olan bağlılığını bir daha nümayiş etdirdi.

Neçə on illərdi Aşığın misralarında vətənpərvərlik, insansevərlik nəsildən nəslə ötürülür. Dodaqdəyməzlər, dildönməzlər söyləyən bu dahinin yaradıcılığı təkrarolunmaz çalarlarla zəngindir. Böyük ustadın irsi öyrə­ni­lə-öyrənilə aşıq yaradıcılığının daha şaxəli inkişafında vasitəyə çevrildi. Məhz hələ 70-ci illərdə Aşıq Ələsgərin kitabları nəfis tərtibatla nəşr edildi. 2021-ci ildə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev iki Sərəncam imzaladı. Sərəncamlardan biri ilə sənətkarın 200 il­lik yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam onun abidəsinin ucaldılmasına görə verilmişdi. Abidə Bakı şəhərində qoyuldu. Abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Tarixin zaman anlamında dünənlərini xatırladan çıxışda böyük sənətkarın yaradıcılığı haqqında geniş məlumat verildi, xalqımızın yaşadığı iki deporta­si­ya­­nın ağrıları da xatırladıldı: “Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğ­ma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğ­ma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”.

Dövlət başçımız dedi: « Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər in­san, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97 yaşında öz torpa­ğın­dan köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə qayıtmışdır».

Ölkəmizin başçısı tədbirdə dedi ki, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində bu­na oxşar mərasim keçirəcəyik : « Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir»...

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri