08 oktyabr 2024 11:12
325

ABŞ Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək istəyir

Qərbin Azərbaycana və Gürcüstana dil uzatması onun antidemokratikliyindən və ermənipərəsliyindən qaynaqlanır

Bu gün dünyadakı müharibə ocaqlarının əsas təşkilatçısı və silahlandırıcısı ABŞ-dır. Bu ölkənin hegemonluq xisləti imkan vermir ki, dünyadakı mövcud münaqişələr sona çatsın. Çünki  həmin fövqəlgüc dövlətin siyasi mövcudluğu münaqişələrdən, müharibə aparan dövlətlərə silah satışından əldə edilən yüz milyardlardan asılıdır. Son bir neçə ildə isə bu ölkənin Cənubi Qafqaz siyasətində ikili standartlar o qədər genişlənib ki, hətta vaxtıilə ən yaxın müttəfiqi olan Gürcüstanı el dili ilə desək, gözümçıxdıya salıb. Belə ki, ABŞ-ın birbaşa və dolayısı ilə nəzarət etdiyi bir çox beynəlxalq statuslu hüquq müdafiə təşkilatlarının Gürcüstana yönəlik bəyanatları hər gün çoxalır. Araşdırmalar zamanı məlum olub ki, təkcəbeynəlxalq jurnalist təşkilatları son bir ay ərzində 6 müxtəlif mövzu üzrə rəsmi Tbilisini qınayan açıqlamalar yayıblar. Digər təyinatlı təşkilatlar, o cümlədən «Amnesty İnternational», «Freedom House», «Human Rights Watch» da eyni dəst- xətlə son bir ildə Gürcüstanı hədəf seçiblər.

Əslində, gürcülərin  ABŞ və onun müttəfiqlərinə inamı hələ 2008-ci ilin avqustunda bitmişdi. Çünki Gürcüstanın o zamankı hakimiyyəti ABŞ-ın qazına gələrək serarartçı Cənubi Osetiyaya qoşun yeritdi. Həmin separatçıları dəstəkləyən  Rusiya isə buna  cavab olaraq  Gürcüstana qoşun yeritdi. Ruslar hətta Tbilisinin 25 kilometrliyinə qədər irəlilədilər. Təbii ki, biz bunu təqdir etmirik. Lakin həmin il ABŞ-ın o vaxtkı prezidenti Corc Buş Tbilisinin Azadlıq meydanında burcutma rəqsi edərək oranı tərk etdi. Yəni, onlar vədlərinə xilaf çıxaraq Gürcüstan hakimiyyətinə hərbi və siyasi dəstək vermədilər.

Xatırladaq ki, son bir ildə Gürcüstanda «Xarici agentlər haqqında» qanun layihəsi (Xarici təsirlərin şəffaflaşdırılması haqqında qanun) müzakirəyə çıxarılıb. Bu qanunun qəbulu ilə bağlı ciddi müzakirələr gedirdi.  Qərbyönümlü gürcü müxalifəti bu qanunun qəbuluna etiraz edirdi. Lakinbu ciddi etirazlara baxmayaraq hakimiyyət qanunu  qəbul etdi. Bundan sonra ABŞ və onun müttəfiqləri olan bir çox Avropa ölkələri Gürcüstana yönəlik maliyyə yardımlarına qadağa qoydular. Ardından isə Gürcüstanı qeyri-demokratik ölkə elan etdilər. Hətta anti-Gürcüstan fəaliyyətlərini  genişləndirmək üçün yeni mexanizmlər də yaratdılar. Belə ki, Avropa Şurasının nəzdində fəaliyyət göstərən «Jurnalistlərin Təhlükəsizliyi Platformasını» idarə edən «Tərəfdaş təşkilatlar»dan ibarət olmaqla, əlahiddə koalisiya formalaşdı. Diqqət edin «Gürcüstan üzrə xüsusi Faktaraşdırıcı missiya» adlandırılan bu koalisiya ilkin mərhələdə 8 beynəlxalq jurnalist təşkilatının adından yarandı. Rəsmi məramnaməsində göstərilir ki, məqsədi  guya Gürcüstanda media və ifadə azadlığı üzrə öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat yığmaqdır.  Əslində isə məqsəd Gürcüstanı söz və ifadə azadlığını pozduğuna görə ittiham edən hesabatlar hazırlamaqdır.

2024-cü ilin oktyabrın 3-də «Faktaraşdırıcı missiya» adından yayımlanmış hesabatdan belə görünür ki, koalisiya dərin araşdırma aparmayıb. Qarşısına çıxan istənilən faktı tərsinə şərh edərək, Gürcüstan hakimiyyətinin əleyhinə olan arqument kimi sənədləşdirib. Hətta bu məsələdə yenə də təxribatçı ermənilərdən istifadə ediblər. Belə ki, guya Gürcüstan sərhədçiləri sürgündə olan Belarus jurnalisti Andrey Mialeşkanın və erməni jurnalist Arsen Xaratyanın Tbilisiyə gəlişinə mane olublar. Dövlət Sərhəd Xidməti insidenti hər iki şəxsin sənədlərində aşkarlanan uyğunsuzluqla izah edib. Missiya isə buna nəzər yetirmir. Faktı jurnalist hüquqlarının pozulması kimi qeydə alır. Missiyanın ikili standarta yol verməsi oradan bilinir ki, bu iki nümunə üzrə araşdırılmalı olduğu xeyli  məqam olduğu halda  yalanlara üstünlük verib. Belə ki,  ilk növbədə Arsen Xaratyanın jurnalist, yoxsa siyasətçi olması faktına diqqət yetirilməli idi. Axı o, jurnalistikadan çox, Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri kimi məşhurdur. Bir sözlə, o , jurnalist deyil, siyasi fiqurdur ki, onun da xarici səfərləri əvvəlcədən protokollaşdırılır.

 Bu gün Qərbin gürcülərə diktə etdiyi digər məsələ isə lap biabırçılıqdır və qafqazlı xarakterinə ləkədir. Belə ki, «Faktaraşdırıcı missiya» Gürcüstan parlamentinin sentyabr ayının 17-də qəbul etdiyi «Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi» adlı qanuna münasibəti də qərəzli kontekstdən çıxış edir. Onlar hesab edirlər ki, bu qanun mətbuat və ifadə azadlığına ziddir. İsrar edirlər ki, yeni qanunvericilik ölkədə  «LGBT+» mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır. Burada haqlı sual yaranır: siz kimsininiz ki, özgə xalqların ailə dəyərləri ilə oynayırsınız?

Gürcü xalqı haqlı olaraq soruşur ki, biz Avropa strukturlarına, o cümlədən Avropada  Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmamışıq ki, sizlər gəlib burada «LGBT+» hərəkatını, yaxud «Radikal feminizm»i qanuniləşdirəsiniz.

Neçə illərdir ki, ərazi bütövlüyü, suverenliyi pozulmuş Gürcüstan ATƏT-dən, Avropa Şurasından real əməli dəstək görməyib. Əvəzində, onlar  bu gün bu ölkənin  daxili sabitliyini pozmağa çalışırlar.Təəssüf ki,  bu kimi rəzillikləri Gürcüstana deyil, həm də Azərbaycana qarşı həyata keçirirlər.  Belə ki, bu ilin sentyabrın 27-dən  oktyabrın 4- dək  keçirilən Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında  Azərbaycanın özünün iştirakı təmin edilmədən, «Azərbaycanda insan haqları üzrə» dinləmələr oldu.  Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoferson  həyasızcasına yalanlarını tirajlayaraq bildirdi ki, guya Bakıda həbsdə olan «Qarabağ liderləri» işgəncəyə məruz qalırlar. Həmçinin riyakarcasına iddia edilir ki, guya Qarabağda ermənilərə qarşı etnik təmizləmə tətbiq edilib.

Bu bir faktdır ki, Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşır. Təəssüf ki, artıq bəzi anti-Azərbaycan dairələr ölkəmizin bu beynəlxalq  tədbirə ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrindədilər.  ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.

Bəli, birbaşa dövlətimizə qarşı yönələn bu çirkli oyunda  müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış etmək ən böyük barbarlıqdır. Hətta bu barədə Milli Məclisin 43 deputatının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciətində əsaslı faktlar yer alıb. Müraciətdə ABŞ-ın ölkəmizə qarşı haqsız mövqeyi sərt tənqid olunur və bildirilir ki, bu ölkə ilə bir çox sazişlərin ləğvi gündəmə gətirilsin. Xüsusilə saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-ın İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qaldığını  və hüquqi proses olmadan onlara cəza verildiyini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dır.

2020-ci ilin Vətən müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar ABŞ- ın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən, regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı «hərbi təcavüz» kimi dəyərləndirir? Həmişə Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmamışlar. Həmçinin Azərbaycanı «etnik təmizləmə»də ittiham edən konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermir? Bu bir gerçəklikdir ki, ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad edərək münaqişəni həll etdikdən sonra  ABŞ münaqişəni yenidən alovlandırmaq üçün min oyundan çıxır. Xüsusilə  ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilmişdir. Bununla da ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xəttlər yaradır.

Bir sözlə, Konqres üzvlərinin dövlət katibi Antoni Blinkenə müraciəti bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir. Təbii ki, bu, yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Ona görə də Azərbaycan dövlətinin də ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyə haqqı və gücü çatır.

Elçin Zaman, «İki sahil»