11 oktyabr 2024 23:58
397

Qəlbi Vətən sevdalı igid

Cəlilabad rayonunun Uzuntəpə kəndində dünyaya göz açan Azərbaycan Ordusunun kapitanı olan Rəşad Əfras oğlu Quliyev 32 yaşında Vətən, millət yolunda canından keçərək adını tarixə yazıb. Nəsibi şəhidlik zivəsi olan Rəşad 44 günlük haqq savaşımızda elə bir şücaət göstərib ki, o milyonların dilində qəhrəmanlıq nəğməsi kimi səslənir. Xalqımızın igid, vətənpərvər oğlu cismən aramızdan getsə də, 30 il düşmənə əsir düşən Qarabağımızın xilaskar ərənləri kimi həmişə ehtiramla xatırlanır...

Orta məktəbdən sonra bitib-tükənməyən Vətən sevgisi, mənfur düşmənə nifrət hissi Rəşad Quliyevi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb. 2005-2009-cu illərdə burada ali təhsil almaqla hərb sənətinə mükəmməl yiyələnib.

Cəsur, vətənpərvər oğul kimi düşmənin işğalçılıq siyasəti ilə heç cür barışmayan Rəşad Quliyev xidmətə cəbhə bölgəsində başlayıb. Qəlbi Vətənə sevdalanan gənc zabitin nizam-intizamı, peşəkarlığı yalnız ona hörmət qazandırıb. Qayğıkeş komandir olaraq hər bir əsgərinə xüsusi diqqət göstərib. Onları təhlükədən qoruyub, şəxsi nümunəsi ilə qəlblərində Vətənə sevgi, düşmənə nifrət tərbiyə edib. Torpağının hər qarışını özündən çox istəyən və qorxmaz zabit tez-tez düşmən postlarına kəşfiyyata getdiyinə görə ona “Canavar” ləqəbi verilib. Həmçinin qazandığı uğurlar Rəşad Quliyevi kapitan rütbəsinə qədər yüksəldib.

Kapitan Rəşad Quliyev erməni dığalardan ilk qisasını 2016-ci ildə- Aprel döyüşlərində alıb. Düşmənə ciddi itki verməklə üçrəngli qələbə bayrağımızı Lələ təpədə yüksəldənlərin önündə gedib. Göstərdiyi bu qəhrəmanlığını nəzərə alıb onu “İgidliyə görə” medalı ilə təltif ediblər.

Vətən müharibəsi başlayanda ən ağır döyüşlərdə Rəşad rəşadətlə, qəhrəmancasına vuruşub. Düşmənə itkilər verməklə neçə-neçə odun-alovun içindən üzüağ çıxıb. Tərtər rayonunun Talış və Suqovuşan qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qan qusdurub. Cəsur kapitan oktyabrın 4-də yağı gülləsinə tuş gəlib və Vətənlə döyünən ürəyi əbədi olaraq dayanıb. Bu şərəfli ölümü ilə xalqın qürur yerinə çevrilib. Həm də kapitan Rəşad Quliyev ölümündən sonra dövlət tərəfindən ”Vətən uğrunda” medalına, 3-cü dərəcəli ”Rəşadət” ordeninə layiq görülüb.

Bəli, Rəşad və onun kimi igid Vətən övladlarının İkinci Qarabağ müharibəsində torpaq uğrunda göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmaz. Zaman-zaman onların həyat yolu gələcək nəsillərə örnək olacaqlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü