11 oktyabr 2024 16:45
100

Mətbuat Şurası “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirib

Mətbuat Şurası “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda 2024-cü il oktyabrın 11-də keçirdiyi konfransının nəticəsi alaraq aşağıdakıları tövsiyə edir:

Ümumi müddəalar

  1. Jurnalistlər məzmun yaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərq qoymadan, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsas­lan­ma­lı, ilk növbədə, dəqiq, qərəzsiz və tərəfsiz olmalı, ayrı-seçkiliyə yol ver­mə­mə­li, informasiya mənbələrinin məxfiliyini qorumalı, şəxsi həyatın toxu­nul­maz­lı­ğı­na, müəllif hüquqlarına hörmətlə yanaşmalıdırlar. Bu cəhətlər informasiya istehsalçısı missiyasına sadiqlikdir, eyni zamanda, operativ şəkildə düzgün məlumatların yayılması dezinformasiyaya qarşı ən effektiv vasitədir;
  2. Yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və s. kimi üstünlüklərini nə­zə­rə alaraq, infor­ma­siya istehsalının daha da gücləndirilməsinə təkan verilməsi günü­müzün aktual tələbidir. Dezinformasiyaya qarşı mübarizə, etibarlı mə­lumatın təmin edilməsi üçün məlumatların yoxlanılmasına ciddi fikir verilməlidir. Yanlış və yalan məlumatlandırma, süni sensasiya yaratmaq meylləri, birtərəfli təqdimatlar və digər jurnalist etikasına zidd hallar yolverilməzdir;
  3. Dünyada gedən müasir texnoloji inkişafa uyğun­laşmaq və beynəlxalq jurnalistikada xü­susilə, Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların (araşdırma, elmi və vətəndaş jurnalistikası, multimedia, konvergensiya, hiper­mətn və s.) mənimsənilməsi müt­ləqdir. Daha çox qısa xəbər yayımına  kök­lə­nən onlayn media subyektlərində müsahibə, reportaj, analitika, pub­lisis­ti­ka, araş­dırma, ümumən klassik janrlara marağın (multimedia nümu­nə­ləri əlavə etməklə) artırılması təmin edilməlidir;  
  4. Dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaş­dırıl­ma­sına xidmət edən materialların sayının çoxaldılması və keyfiy­yə­tinin yüksəl­dil­məsi təmin olunmalıdır;
  5. Azərbaycan dövlət dilinin normalarına əməl edilməsi, əsasən proqramlar vasi­tə­si ilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılması şərtdir.

Xüsusi müddəalar

  1. Sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğu, səhihliyi ciddi şəkildə yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, süni intellekt vasitəsilə istə­ni­lən foto və video məlumat, səs yazısı təhrif edilə bilər. Media nümayəndələri so­sial şəbəkə istifadəçisindən fərqli olaraq, bu kimi hallarla qarşılaşdıqda dəqiq­ləşdirmə aparmalı və məlumatları yoxlamadan yaymamalıdırlar. On­lar yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayı­mın­da vasitə olduğunu unutmamalıdırlar. Xarici qüvvələrin sosial mediada yarat­dığı təxribat və manipulyasiyalara qarşı effektiv şəkildə mübarizə aparılmalı, Azər­baycan cəmiyyətində milli maraqları qoruyan ictimai rəy forma­laş­diril­ma­lıdır;
  2. Jurnalist cəmiyyətin etimadlı xəbər əldə etməsində vasitəçidir. Buna görə də məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli, onlara vəzifəsinin icrasında yardımçı vasitə kimi yanaşmalıdır;
  3. Azərbaycan mediası milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalıdır. Milli maraqların əhəmiyyəti barədə məlu­mat­landırma və maarifləndirmə aparılmalı, həmçinin ölkənin suverenliyini təbliğ edən proqramlar, xəbərlər və məqalələr yayılmalıdır;
  4. Azərbaycan mediası beynəlxalq mediada daha fəal iştirak etməli və ölkə ilə bağlı məsələlərə doğru və obyektiv prizmadan yanaşmalıdır. Beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanın möv­qe­lərini müdafiə edən məqalələrin və reportajların hazırlanması vacibdir;
  5. Azərbaycan mediası regional və beynəlxalq səviyyədə digər dost ölkələrin media orqanları ilə əməkdaşlıq etməli, informasiya müharibəsi şəraitində təcrübə mübadiləsi həyata keçirməlidir.