31 iyul 2026 23:35
97

UNEC İT sistemlərini “Hökumət buludu”na köçürüb

 “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

“İki sahil” xəbər verir ki, fərmanın icrası çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti informasiya sistemləri və ehtiyatlarını qismən “Hökumət buludu”na köçürüb.

Ali təhsil ocağı İT sistemlərini AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə qismən yerləşdirib. “AzInTelecom” tərəfindən quruma Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim olunub. Bununla da kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Nəticədə qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.