11 oktyabr 2024 18:46
132

Sumqayıtda Cüdo və Boks üzrə şəhər turniri keçirilib - FOTO

Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş cüdo və boks idman növü üzrə şəhər turniri keçirilib. Yarışda idman məktəbləri, cəmiyyətləri və klubların komandaları iştirak edib. Cüdo idman növü üzrə keçirilən yarışda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

“İki sahil” xəbər verir ki,  açılış nitqi ilə çıxış edən Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov qonaqları salamlayaraq, turnirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, bu turnir idman məktəbləri, cəmiyyətləri və klubların komandaları arasında keçirilir və gənclərin idmana olan marağının artırılmasına yönəlib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov öz çıxışında Sumqayıt şəhərinin inkişafı və şəhər kimi formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət davam etdirilir və şəhərdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Zakir Fərəcov həmçinin qeyd edib ki, yenidən tikilərək istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu müasir tələblərə uyğunlaşdırılıb və burada idmançıların daha yaxşı şəraitdə məşq etmələri üçün bütün imkanlar yaradılıb.

Yarışda 4 komanda üzrə 30 cüdoçu mübarizə aparıb. Turnirin yekununda qaliblərə kuboklar, medallar və fəxri fərmanlar təqdim edilib. Yarışın ardından boks üzrə yarışa start verilib. Telman Kərimov boks idman növünün Sumqayıtda inkişafından danışaraq, bu sahədə idmançıların dünya səviyyəsində bir çox nailiyyətlər əldə etdiklərini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında qeyd edib ki, Mehdi Hüseynzadə stadionunun yenidənqurmadan sonra Boks Təlim Mərkəzi fəaliyyətə başlayıb və şəhərdə bu idman növünün də inkişafına xüsusi diqqət yetirilir. Yarışda 40-a yaxın boksçu qalib adı uğrunda mübarizə aparıb. Sonda qaliblər mükafatlandırılıb.