20 oktyabr 2024 16:03
214

Göygöl rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöl rayonunda kros qaçışı üzrə payız ölkə çempionatı keçirilib.

“İki sahil” xəbər verir ki, çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, respublika və beynəlxalq miqyaslı atletika yarışları uğurla təşkil olunur, idmançılarımızın mötəbər yarışlara hazırlığı üçün yüksək şərait yaradılır, yeni istedadların kəşf olunması, atletikanın coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bölgələrdə mötəbər yarışların keçirilməsinin idmanın kütləviliyinə xidmət göstərdiyinə diqqət çəkib. Gənc nəslin bu sahəyə marağının daha da artırılması üçün görülən işlərin təqdirə layiq olduğunu bildirib. Çıxış edən digər natiqlər də atletlərə uğurlar arzulayıblar.

İdmançılara milli musiqilərin sədası altında yarışa hazırlaşmaq imkanı yaradılıb. Respublikanın müxtəlif regionlarından 14 komandanın tərkibində 200-ə yaxın atletin qatıldığı kros qaçışı üzrə payız ölkə çempionatı Göygöl Olimpiya İdman Kompleksinin ətrafında reallaşıb. İdmançılar ən qısası 1 kilometr, ən uzunu 10 kilometr olan 8 məsafə üzrə yarışıblar. Təyin edilən məsafəni rəvan olmayan ərazidə ən qısa müddətə qət edib, ilk 3 yerin sahibi olanlar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblər ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər.