Türk Dövlətləri Təşkilatı böyük coğrafiyadır, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır
Prezident İlham Əliyevin türkdilli ölkələrin birliyini yaratmaq ideyası son bir neçə ilin ən aktual məsələsidir. Çünki dünyada baş verən kataklizmlərdən, qlobal münaqişələrdən qorunmaq üçün etibarlı və güclü dost və qardaş ölkələrə ehtiyac var. Məhz bu məsələnin önəmini vaxtında dəyərləndirən Prezident İlham Əliyevin xarici siyasətində qardaş Türkiyə başda olmaqla Mərkəzi Asiyanın ən böyük dövlətləri olan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yeni birlik formatını nəinki gündəmə gətirdi, hətta sonrakı illərdə onun reallaşması üçün böyük işlər gördü. Məhz ölkəmizin başçısının bu xidmətləri nəzərə alınaraq 2021-ci ilin noyabrın 12–də İstanbulda türk dövlətlərinin dövlət başçılarının iştirak etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) iclasında Azərbaycan Prezidenti Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Qərar Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri tərəfindən imzalanmışdı.
Bundan başqa, bu il iyulun 5-6-da bütün türk dünyasının və onun dostlarının diqqəti Şuşada oldu. Regional və beynəlxalq güc mərkəzinə çevrilən (TDT)-yə daxil olan ölkələrin liderlərinin iştirakı ilə bu şəhərdə qeyri-rəsm sammit keçirildi. Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan, Şimali Kibr Türk Cümhuriyyətinin prezidentləri - Macarıstanın Baş naziri, Türkiyə Respublikasının vitse-prezidenti, Türk Dövlətləri Təşkilatının Baş katibi bu Zirvə görüşündə iştirak etdilər. Məlumdur ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada - TDT-nin «Türk Əsri» çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilmişdi. Şuşada keçirilən bu tədbir bir daha göstərdi ki, biz bir yumruq kimi birləşmişik. Görüşdə həm Ermənistana, həm də onun himayədarlarına mesaj verildi ki, Azərbaycan dostları və qardaşları ilə daha da qüdrətlidir. Kimsə bizim ərazibütövlüyümüzü və suverenliyimizi bir daha poza bilməz.
Ötən bir neçə il ərzində Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıb. Ölkəmizin Türk Şurasına (təşkilat sonralar Türk Dövlətləri Təşkilatı adlandırıldı) ) sədrliyi dövründə təşkilatın digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq qurulub.
Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, həmçinin bu regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri dərinləşən əlaqələrin göstəricisidir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün vacib rola malikdir. Təşkilata daxil olan dövlətlər təkcə siyasi, iqtisadi deyil, sosial-humanitar sahələrdə də güclərini birləşdiriblər. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpa olunması istiqamətində türkdilli ölkələr Azərbaycana dəstəklərini göstərirlər. Bu qardaşlıq dəstəyinin daha bir nümunəsi isə Şuşa şəhərinin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilməsi oldu.
Eyni zamanda, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakı, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, həmçinin Qazaxıstanın maliyyəsi ilə yaradıcılıq mərkəzinin inşa olunması, Qırğızıstan Prezidentinin Ağdamda orta məktəbin inşasını öhdəsinə götürməsi də türkdilli xalqların arasında qardaşlığın göstəricisidir. Müxtəlif zamanlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ və Şərqi Zəngəzura üç dəfə səfər etməsi də qardaşlıq əlaqələrimizin necə yüksək səviyyədə olduğuna daha bir nümunədir.
Türk Dövlətləri Təşkilatı sadəcə mədəni-hümanitar sahədə deyil, həm də iqtisadi mənada ön plana çıxarılıb. Yəni, TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr gerçəkləşib. Belə ki, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında «Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında» 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Yəni, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib. Nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq artıma nail olmaq reallaşıb.
Bu gün Azərbacan dövləti iqtisadi qüdrətinə rəğmən həm də xarici ölkələrə irihəcmli investisiyalar yatırır. Son 10 ildə ölkəmizin xarici ölkələrə yatırdığı sərmayələr təqribən 30 milyard dollardan çox olub. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Ölkəmizin başçısı bu barədə deyib: «Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»
Xatırladaq ki, 2024-cü ilin yanvar- aprel aylarında ölkəmizin TDT-yə üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərabərdir. 2023-cü ilin statistikasına görə, hazırda bu birliyə daxil olan dövlətlərdə ÜDM-in həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları həcmindədir. Yəni, bu gün dünyadakı ticarət dövriyyəsinin 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.
Burada bir önəmli məsələni də qeyd etmək lazımdır ki, bu gün TDT-nin ən böyük ölkələrindən biri olan qardaş Türkiyə Cümhuriyyətinin hərbi sənayesi xeyli inkişaf edib. Dünya bazarında xeyli alıcısı olan Türktiyə istehsalı silahlar artıq brendə çevrilib. Bu isə birliyin nəinki iqtisadi, hətta hərbi potensialına güc qatan önəmli amildir. Məhz Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində -cəmi 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etdi. Bu parlaq Qələbəmizdə Türkiyədən aldığımız İHA- lar və SİHA-lar mühüm rol oynadı. Azərbaycan hərbçilərinin bu silahlardan peşəkarlıqla istifadəsi və qəhrəmanlıqları ölkəmizin adını dünya hərb tarixinə qızıl hərflərlə yazdı.
Elçin Zaman, «İki sahil»