23 oktyabr 2024 08:49
145

Rubenlərin çirkli pulları Avropa Parlamentarilərinin  gözünü kor edib

Göründüyü kimi, 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq Qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən, 1 milyondan artıq insanın hüquqlarını görməzdən gələn Avropa Parlamentini bu gün hansı maraqlar danışdırır, bizə tam aydındır

Azərbaycan hər hansı beynəlxalq təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərə həmişə layiqincə əməl edib. Hələ bu vaxta qədər hansısa beynəlxalq təşkilatın Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməməsi barədə irad bildirməsinin şahidi olmamışıq. Ona görə də Avropa Parlamentinin ölkəmizə qarşı hər hansı bir ittiham irəli sürməsi bu qurumun rəhbərinin və üzvlərinin əl oyuncağına çevrilməsinin təsdiqidir. Belə qətnamələrin müəyyən maraqlara xidmət etməsi özünü açıq şəkildə büruzə verir.

Prezident İlham Əliyevin 24 iyun 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı tarixi nitqində də bəyan etdiyi kimi, “demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma” bu illər ərzində bizi çox narahat edib. Digər tərəfdən, 30 ilə yaxın bir dövrdə Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğalda saxlanılmasına, elə Avropa təsisatlarının Fransa, Lüksemburq, İsveçrə kimi bir sıra aparıcı subyektləri Ermənistanın işğal, təcavüz siyasətinə, ərazimizdə erməni separatizminə birbaşa və dolayı yollarla dəstək veriblər. Avropa Şurasının və Avropa İttifaqının Nizamnamələrində, Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğu, Avropa Konvensiyasında isə əsas məqsədin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğu bəyan edilməsinə baxmayaraq, bu illər ərzində işğal və təcavüzə dəstək verən, separatizmi təşviq edən platformalar bəşəri dəyərlər naminə “birlikdən” danışa bilərmi? Xüsusən, Avropa Parlamenti məhz selektiv yanaşması ilə, özünün Nizamnaməsinə zidd davranmaqla ədalətli mövqedən uzaqlaşdığını və ayrı-ayrı qüvvələrin əlində alətə çevrildiyini göstərməkdədir. Azərbaycanın ötən illər ərzində bu qurumlardan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməyib. Baxmayaraq ki, məsələn, AŞPA özü bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etmiş, bununla işğal faktını tanımışdı. Prezident İlham Əliyevin 2014-cü ildə Strasburqda bəyan etdiyi kimi, “Ermənistan Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qeyd edilən məzmunlu qətnaməsinə ümumiyyətlə məhəl qoymurdu”.  Amma nə Avropa Şurası, nə qurumun Parlament Assambleyası, nə Avropa Parlamenti bu məsələ ilə bağlı nəinki ədalətli mövqe tutmadı, əksinə, Ermənistanın işğalçılıq mövzusunda, ümumiyyətlə, danışmamağa üstünlük verdi. Təbii ki, bu tip davamlı riyakar və selektiv yanaşması ilə Avropa təsisatları, xüsusən Avropa İttifaqında əslində son bəyan olunanlar sadəcə sənədləşmiş, lüzumsuz söz yığınıdır. Biz yenə də riyakar strukturun Azərbaycana çağırış edən, ermənilərin Qarabağa qayıdış hüququndan bəhs edən saxtakar bəyanatlarına şahidlik edirik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi və onlara mənsub olan insanlar Qarabağda yaşamış erməni  əhalisindən qat-qat çoxdur. Əsl reallıq ondan ibarətdir ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, təxminən 300 min insan təşkil edir: “Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən, qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən, azərbaycanlıların da Ermənistana qayıtması məsələsini qoyuruq.” Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin bir il əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.

Göründüyü kimi, 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq Qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən, 1 milyondan artıq insanın hüquqlarını görməzdən gələn Avropa Parlamentini bu gün hansı maraqlar danışdırır, bizə tam aydındır. Biz çox yaxşı xatırlayırıq ki, dörd il öncə Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən, yüzlərlə mülki şəxs, qadınlar, qocalar, uşaqlar məhz azərbaycanlı olduqları üçün müharibə cinayətlərinə qurban gedərkən bu riyakarlar necə və niyə susurdu?

Oktyabrın 22-də Avropa Parlamentində “Azərbaycandakı vəziyyət, insan haqlarının, beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər”ə dair müzakirələr olacaq. Mövzu səsə qoyulmadan artıq gündəliyə daxil edilib. Hətta bununla bağlı uyğun "qətnamə"nin qəbul olunacağı da gözlənilir. Necə deyərlər, dünyaya demokratik dəyərlərlə bağlı liderlik iddiasında olan Avropa İttifaqının parlamenti hər bir fürsətdə rəsmi Bakının əleyhinə bəyanatla çıxış etmək, qətnamə qəbul etmək imkanını qaçırmır. Hazırda Avropa Parlamentində sanki anti-Azərbaycan, türkofob, islamofob olmayanlar deputat seçilə bilmir. Bu günlərdə anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində sədrin birinci müavini təyin edilməsi də buna misaldır. Buna görə də, Azərbaycana qarşı müzakirələr və qətnamə təşəbbüsü təəccüblü deyil. Bütün bu faktlar Avropa Parlamentində erməni lobbisinin təsiri altında olan qrupların mövcudluğunu təsdiqləyir. Heç şübhəsiz, onlar bu xidməti "qonorar"sız etmirlər. Avropa Parlamentinin keçmiş sədri Eva Kaylinin həbs edilməsi bu qurumun rüşvətxor və korrupsioner olduğunu təsdiqləyən ən biabırçı hadisədir.

Qeyd edək ki, Azərbaycanda törətdiyi cinayətlərə görə Bakıda həbsxanada saxlanılan, terrorçuluqda ittiham olunan Ruben Vardanyan həm də “Troyka” adlı bankla çoxsaylı maliyyə fırıldaqları etməklə də məşhurlaşıb. Vardanyan həmin çirkli pulları xaricdə Azərbaycan və türklərə, Cənubi Qafqazda sülh və əməkdaşlığın yaranmasına mane olmaq üçün sərf edib. Onun çirkli pullarının bu gün də Avropa Parlamentində Azərbaycana qarşı “qətnamənin” qəbul edilməsinə xərcləndiyinə şübhə yoxdur. Araşdırmalar nəticəsində məlum olub ki, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup da fəaliyyət göstərib. Onlardan biri Natali Luazondur. O, bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransının iştirakçılarını terrorçuların azad edilməsi üçün rəsmi Bakıya təzyiq etməyə çağırıb. Avroparlamentdə Luazon kimilərin Azərbaycana qarşı çıxış etməsi, uydurmalara dayanan “qətnaməyə” səs verməsi gözləniləndir. Çünki onlar bu xidmətləri göstərmək üçün Avropa Parlamentinə seçdiriliblər. Belə saxtakar deputatları bol olan Avropa Parlamentinin qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur. Odur ki, onların müzakirəyə çıxararaq qəbul etdikləri qətnamələr də Azərbaycan üçün heç bir hüquqi qüvvəyə malik deyil. Bu qətnamələr erməni lobbisinin, terrorçuluqda ittiham olunan rubenlərin çirkli pullarının yuyulması hesabına qəbul olunan əhəmiyyətsiz kağız parçalarıdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”