23 oktyabr 2024 16:50
86

“Gənc müəllimlər və Yaşıl düşüncə” mövzusunda forum keçirilib

Oktyabrın 23-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlər və Yaşıl düşüncə” mövzusunda forum keçirilib.

“İki sahil” xəbər verir ki, 400 müəllimin iştirak etdiyi forumda əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Pərvinə Qədimova forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Tədbirdə Milli Məclisin Deputatları Ceyhun Məmmədov və Naqif Həmzəyev çıxış edərək gənc müəllimlərimizin bu cür vacib mövzuda maarifləndirilmələsinin olduqca məqsədə uyğun və önəmli olduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İnsan Hüquqları təsisatları ilə əməkdaşlıq idarəsinin rəis müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova "Azərbaycanın COP29 Sədrliyinin gündəliyi və qlobal iqlim təşəbbüsləri" və Bakı Mühəndislik Universitetinin Kimya və Biologiya kafedrasının Baş müəllimi Elşad Yunusov "Tədrisdə "Yaşıl düşüncə" - nin formalaşdırılmasına dair addımlar" adlı mövzularla çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar və bununla da konfrans işini yekunlaşdırıb.

Qeyd edək ki, gənc müəllimlərin forumunun keçirilməsində məqsəd qarşıdan gələn COP29-la bağlı müəllimlərin məlumatlığını artırmaq, həmçinin qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.