24 oktyabr 2024 01:57
341

Qarabağda və Şərqi Zəngəzurda həyat qaynayır

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. Azərbaycanın tarixi Zəfərindən bir neçə gün sonra azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandı. Bəli, o vaxtdan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur  yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Həm də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Hətta həmin proqram çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində 8600-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb. Böyük Qayıdış Proqramının birinci mərhələsində, yəni 2026-cı  ilin sonunda dədə-baba yurdlarına qayıdanların sayı 140 min nəfərə çatacaq. Bu isə  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qayıdışın daha intensiv şəkil alacağından xəbər verir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Öz doğma yurdlarına qayıdanların məşğulluğu, eləcə də kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir.

Bu gün Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər hərbi sahəyə, bir də Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılıb. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar–sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 137,6 milyon manat vəsait yönəldib. Bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulan 4 milyard 855,8 milyon manat vəsaitin 64,6  faizi deməkdir.  İkinci Qarabağ müharibəsi başa çatandan bu ilin sonuna qədər  xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edib ki, bu vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə (su, qaz, elektrik enerjisi, yollar, məktəblər, xəstəxanalar və s.) xərclənib. Belə ki, 3 min kilometr avtomobil yolu inşa edilib, ümumi layihələr sırasında 70 kilometr uzunluğunda 45 tunel və 450 körpünün çətin relyef şəraitində inşası nəzərdə tutulub. Dəmir yolları, Füzuli və Zəngilanda 2 beynəlxalq hava limanı istifadəyə verilib. Hazırda Laçında Beynəlxalq Hava Limanının inşası davam etdirilir. Enerji potensialının gücləndirilməsi diqqətdə saxlanılıb və 3 il ərzində yaşıl enerji strategiyasına uyğun olaraq ən müasir texnologiyalara və idarəetməyə əsaslanan 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Yeri gəlmişkən, SOCAR yaşıl yanacaq istehsalını artırmaq üçün ənənəvi karbohidrogen yanacağını bioqaz və biodizellə əvəz edilməsi istiqamətində də tədbirlər həyata keçirmək niyyətindədir.

Dövlətimiz bu ərazilərdə sahibkarlar üçün də əlverişli investisiya mühiti yaradır. Nəticə də göz qabağındadır. Məsələn, artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2045 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 400-dək daimi iş yeri yaradılıb. Bir faktı xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan iş yerlərinin çox hissəsi məhz özəl sektorun payına düşür.

Azərbaycan bütün bu işləri təkba­şına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmə­dən həyata keçirir.  Burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir xarici qonağı valeh edir.  Bu prosesdə Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri də böyük rol oynayır. Dövlətimizin başçısı hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir.

Şübhəsiz, qısa zaman kəsiyində bunlara nail olmaq böyük uğurdur. İndiyədək heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini aparmayıblar. Prezident İlham Əliyevin sözləri ilə desək, bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması tarixdə görünməmiş bir hadisədir. Bu, hər şeydən əvvəl sözün həqiqi mənasında Azərbaycanın iqtisadi gücünün göstəriciləridir. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Qarabağ və Şərqi Zəngəzur ölkəmizin iqtisadi inkişafının yeni bir dayaq nöqtəsinə çevrilməkdədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”