24 oktyabr 2024 00:58
292

Azərbaycan heç vaxt yarımçıq sülh müqaviləsinə imza atmayacaq

Müqaviləni dalana dirəyən məqamlar hansılardı?

Ermənistanın baş naziri Nikol Paşinyanın mütəmadi olaraq sülh müqaviləsindən danışması zahirən səmimi görünsə də əslində, burada manipulyasiya əlamətlərinə daha çox rast gəlininr. Xüsusilə diqqət yetirsək görərik ki, hazırkı variantda Azərbaycanın maraqlarını tamamilə qane edəcək məqamlar azdır. Halbuki Azərbaycan İkinci Qarabağ müharibəsindən qalibiyyətlə çıxmış ölkədir və ona görə də sülh danışıqlarında bizim ədalətli şərtlərimizin qəbul olunması mütləqdir.

Diqqət etsək görərik ki, Ermənistan postmüharibə dövründə sürətlə silahlanıb və revanşa hazırlaşır. Anlaşılan odur ki, sülh müqaviləsi barədə danışmaq Azərbaycanı arxayın salmaq üçün bir manevrdir. Digər tərəfdən,  yarımçıq sülh müqaviləsi onlara ona görə sərf edir ki, gələcəkdə Azərbaycan öz milli mənafelərini qorumağa məcbur qalanda sülh müqaviləsinin şərtlərinin guya rəsmi Bakının pozduğuna dair rəy formalaşdırsınlar. Bir sözlə, hətta indiki zamanda Ermənistan və havadarları ölkəmizi yalandan təcavüzdə ittiham edirlərsə, heç şübhəsiz, sülh müqaviləsi adlı sənəd imzalansa, qarşı tərəfin törədəcəyi hansısa təxribata cavabımız da işğalçılıq kimi təbliğ ediləcək.

Xatırladaq ki, 2022 və 2023-cü illərdə Brüssel Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə  Azərbaycanla Emənistan  arasında danışıqların uğurla keçirildiyi məkan idi. Doğrudan da buradakı danışıqlarda ciddi irəliləyişlər  var idi.. Ancaq təəssüflər olsun ki, Nikol Paşinyan sonralar məhz Fransa Prezidenti Emmanuel Makronun təhriki ilə Brüssel danışıqlarından çəkildi. Məlumdur ki, həmin danışıqlarda Makron Aİ-ni ölkəsinin ermənipərəstliyi üçün plasdarma çevirməyə çalışırdı.

Həmin görüşlərdə Nikol Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etmişdi. Ancaq burada da riyakarlıq edərək bildirmişdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Yəni, bu məsələ Ermənistanlıq deyil, gedin onlarla dil tapın. Halbuki İkinci Qarabağ savaşından sonra hələ də Xankəndidə və ətraf rayonlarda Ermənistan silahlı qüvvələri qalmaqda idi. Təbii ki, az müddətdən sonra, yəni ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda birgünlük lokal antiterror əməliyyatı keçirərək separatçı rejimi birdəfəlik ləğv etdi.

O da məlumdur ki,  sülh müqaviləsindəki maddələrdən də biri Zəngəzur dəhlizinin açılması məsələsidir. Təbii ki,  bununla əlaqədar Ermənistanın konkret öhdəliyi də var. Yəni,  İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata baş nazir Nikol Paşinyan səviyyəsində imza atmışdır.  Bu məsələdə də o, hələ də manipulyasiya edir. Paşinyan Zəngəzur dəhlizinin açılmasını ölkəsinin ərazi bütövlüyünə zərbə vuracağı kimi izah etməyə çalışır.

Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin sülh danışıqları ətrafındakı  manipulyasiyalarını sərt qınayaraq bildirib ki, nəzərdə tutulan sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Ölkəmizin başçısı rəsmi İrəvanın  bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın təkliflərini qəribə və qəbuledilməz adlandırıb.  

Qeyd edək ki, ölkəmizin başçısı  dəfələrlə bəyan edib ki, Azərbaycanla Ermənistan arasındakı imzalanacaq sülh müqaviləsində vasitəçiyə ehtiyac yoxdur. Bu, məhz iki ölkə arasında qarşılıqlı anlaşma şəraitində və ədalət prinsiplərinə uyğun olmalıdır. Lakin buna rəğmən Ermənistan sülh müqaviləsinin Aİ yardımçılığı ilə reallaşmasını istəyir. Təbii ki, bu məsələdə Azərbaycan dövlətini razı salmaq üçün sözügedən təşkilatın tərəfsizliyinin təminatı vacibdir. Məsələn, bu gün rəsmi Bakı ilə Aİ-nin arasında etimadsızlıq doğuran faktorlardan biri də qurumun Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində yerləşdirdiyi mülki müşahidə missiyasıdır. Bu, həmin missiyadır ki, onun yaradıcısı və əsas himayədarı məhz ermənipərəst Fransadır.  Eyni zamanda, bu missiyanın orada qalma müddəti də xeyli uzadılıb. Halbuki bu məsələ də Azərbaycanla razılaşdırılmalı idi.

Təbii ki, bu gün  Azərbaycanla Ermənistan arasındakı şərti  sərhəddə avropalı müşahidəçilərə heç bir ehtiyac yoxdur. Düzdür, ilk əvvəllərdə ölkəmiz bu missiyaya razılıq verənlərdən biri idi. Lakin bildirilirdi ki, həmin missiya şərti sərhədlərdə cəmi iki ay müşahidə aparacaq. İndi isə bu missiyanın oradakı xidmətinin vaxtının daha bir xeyli müddət uzadılmasına hazırlaşırlar. Ölkəmizin başçısı bu missiyanı haqlı olaraq «binokl diplomtiyası» adlandıraraq onun daimliyinin qəbuledilməzliyini bildirib. Eyni zamanda deyib ki, belə bir missiya , normal siyasi mədəniyyət standartlarından kənardır və tezliklə aradan qaldırılmalıdır.

Elçin Zaman, «İki sahil»