Azərbaycan üzərində siyasəti ilə uğursuzluğa uğrayan Qərb indi də Gürcüstanın daxili işlərinə qarışmaqla ümumilikdə Cənubi Qafqazı xaosa sürükləmək niyyətindədir
Gürcüstan parlament seçkiləri ərəfəsindədir. Oktyabrın 26-da keçiriləcək növbəti seçkilərə yalnız ölkənin özündə deyil, regional və qlobal müstəvidə böyük maraq var. Təsadüfi deyil ki, Gürcüstandakı parlament seçkiləri "geosiyasi seçkilər" kimi də xarakterizə olunur. Cənubi Qafqazın gələcəyi ilk növbədə Azərbaycan və Gürcüstandan, bu iki dövlət arasındakı münasibətlərdən asılıdır. Ona görə də qonşu ölkədəki parlament seçkilərində hazırkı hakim partiyanın qələbəsi Azərbaycanın maraqlarına uyğundur.
Cənubi Qafqazda maraqları olan Qərb müxtəlif siyasi alətlərlə regiona təsir imkanlarını saxlamağa çalışır. ABŞ və Fransa Ermənistanda buna nail olublar. Ermənistan cəmiyyətində Soros Fondu və USAID başda olmaqla Qərbin maraqlarına xidmət edən təşkilatların maliyyələşdirdiyi QHT və media qurumları demokratiya pərdəsi altında meydan sulayır, ictimai rəyin formalaşmasına böyük təsirlər göstərirlər.
Gürcüstanda da QHT-lərin böyük qismi Qərbin maliyyə yardımı ilə fəaliyyətdədir. Lakin son dövrlərdə Gücrüstanın xüsusi xidmət orqanları Qərbdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətinin ölkədə qarşıdurma və ideoloji dəyişikliklər yaratmaq məqsədlərinə xidmət etdiyini müəyyənləşdiriblər. Bir neçə ay əvvəl Gürcüstanda qəbul edilən "Xarici təsirin şəffaflığı haqqında" qanun məhz həmin təşkilatların qanunsuz fəaliyyətinin qarşısına sipər çəkib. Belə ki, sözügedən qanun QHT-lərin öz maliyyələri haqqında deklarasiyalarını nəzərdə tutur. Yəni, QHT-lər maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidirlər. Bu isə Qərbin məkrli maraqlarına cavab vermədəyindən son aylarda həm ABŞ, həm də Avropa İttifaqı (Aİ) Gürcüstana qarayaxma kampaniyasına başlayıblar. Aİ Gürcüstanın üzvlük prosesini faktiki olaraq dayandırıb. Habelə Aİ Gürcüstana yüksəksəviyyəli səfərlər etməmək və Gürcüstan hökumətinin nümayəndələri ilə Brüsseldə görüşlər keçirməmək barədə qərar qəbul edib.
"Xarici təsirin şəffaflığı haqqında" qanun isə Qərb ölkələrində də qəbul olunub. Göründüyü kimi, Qərb yenə ikili standartlardan çıxış edir, bu dəfə müstəqil siyasət yürüdən Gürcüstanla bağlı məkrli mövqe ortaya qoyur. Azərbaycana olduğu kimi, Qərb siyasi dairələrinin Gürcüstana da təzyiq etməsi onun daxili işlərinə müdaxilə etməyə, onu daxili qarşıdurmaya sürükləməyə çalışır. Qarşıdan gələn seçki günü də onların ölkədə təxribatlara cəhd göstərəcəkləri istisna olunmur. Artıq Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti parlament seçkiləri ərəfəsində planlaşdırılan təxribat barədə xəbərdarlıq edib. Qərbin Gürcüstan hökumətinə göstərdiyi ciddi təzyiqlər şübhəsiz ki, regionda sabitliyin pozulmasına xidmət edir. Bunlar son nəticədə təkcə Gürcüstanda deyil, bütün Cənubi Qafqazda sabitliyin pozulması ilə nəticələnə bilər.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının mərkəzi qərargahında keçirdiyi brifinqdə deyib ki, Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir. Son proseslərin təhlili və araşdırmalar bunu deməyə əsas verir.
“Bəzi analizlər və müşahidələr göstərir ki, xaricdən maliyyələşən qüvvələrin xarici donorların köməyi ilə qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqları davam edir. Bu, 2020-ci ildəki dövlət çevrilişi cəhdinin təkrarı olacaq. Belə cəhdlər oktyabrın 27-də gözlənilir”, - deyə Gürcüstan parlamentinin sədri bildirib.
Rəsmi Tbilisi Qərbin ittihamları ilə razılaşmır. Qərbin maraqlarının arxasında gürcü xalqının maraqlarına uyğun olmayan niyyətlərin gizləndiyini bildirir. Belə ki, əslində Qərbin məqsədi “Gürcü Arzusu ˗ Demokratik Gürcüstan” Partiyasını hakimiyyətdən seçki yolu ilə uzaqlaşdırmaq istəyir, əks halda, “rəngli inqilab” prosesinin işə salınacağı gözlənilir. “Rəngli inqilab” daxili gərginlik, ictimai-siyasi anarxiya və çaşqınlıq deməkdir və özündə region üçün təhlükə və yeni risklər daşıyır.
Gürcüstan Qərblə Şərq arasında gedən geosiyasi mübarizənin mərkəzində olmaq istəmir. Qərbin siyasi iradəsinin obyekti olmamaq üçün hakim partiya Gürcüstan dövlətinin və xalqının maraqlarının qorunmasını daha vacib hesab edir. Gürcü xalqı da gözəl anlayır ki, Qərbin Gürcüstan və ümumilikdə Cənubi Qafqaz uğrunda apardığı geosiyasi mübarizənin məqsədləri regionda öz təsirlərini gücləndirməkdən, regional nəqliyyat kommunikasiyalarına nəzarət etməkdən və bu siyasi oyunun qalibi kimi qəbul olunmaqdan ibarətdir. Gürcüstanda da Qərbin siyasi iradəsini yerinə yetirən dövlətlərin aqibətindən çox gözəl xəbərdardırlar və buna görə də qeyri-regional dövlətlərin seçki prosesinə müdaxilələrinin yolverilməz olduğunu bəyan edirlər.
Gürcüstanda parlament seçkilərinə 2 gün qalır. Yaxın onilliklər üçün ölkənin siyasi inkişafının gələcək vektorunu müəyyən edəcək parlament seçkilərində əsas məsələlərdən biri qalib partiyanın xarici siyasətdə seçəcəyi istiqamətdir. Buna görə də ölkənin siyasi atmosferində xeyli gərginlik müşahidə olunur. Eyni zamanda, qarşıdakı seçkilərin nəticələrinin Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməyəcəyini nəzərə alsaq, o zaman 26 oktyabr seçkilərinin tarixi əhəmiyyət daşıyacağını deyə bilərik. Bu səbəbdən də, inanırıq ki, gürcü xalqı doğru seçim edərək var-gücü ilə Cənubi Qafqazı qarışdırmaq istəyən Qərbə yerini və həddini göstərə biləcək!
Yaqut Ağaşahqızı,”İki sahil”