Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın italiyalı futbolçusu Luis Felipe komandadan ayrılacaq.
"İki sahil" xarici KİV-ə istinadən məlumatına görə, klub İtaliya yığmasının sabiq üzvünə müqaviləni ləğv etməyi təklif edib.
Bu qərar Səudiyyə Ərəbistanı Pro Liqasında icazə verilən xarici oyunçuların sayı ilə bağlıdır. 27 yaşlı müdafiəçi bu mövsüm yalnız çempionatın ilk turunda 20 dəqiqə meydana çıxmaq şansı qazanıb və zədələnərək komandadakı yerini itirib.
Rəhbərlik ona istənilən komanda ilə danışıqlar aparmaqda sərbəstlik verib.
Qeyd edək ki, L.Felipe ötən il İspaniyanın "Betis" klubundan "Əl-İttihad"a transfer olunmuşdu.