25 oktyabr 2024 10:20
294

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

Dövlət başçısı İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha bildirdi ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Dövlətimizin başçısı İlham Əliyev bu mühüm çağırışı səsləndirir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir: «Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir.»

Bu reallıq da inkaredilməzdir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Ölkəmizin son 21 ildə qazandığı sosial-iqtisadi göstəricilər bunu bir daha sübut edir. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki. Azərbaycan iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edən dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında diqqəti bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə, yeri və roluna yönəldərək bildirdi ki, ölkəmiz beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən olan Qoşulmama Hərəkatı, eyni zamanda, üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafını təsdiqləyən xeyli sayda faktlar salamaq olar. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra da ən böyük beynəlxalq təsisatdır. Prezident İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi. Bu dövrdə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək. Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bildirir ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər. Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində yerləşdiyi coğrafi məkan mühüm rol oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz dövlətlər, xalqlar arasında körpü roluna yeni əməkdaşlıq formatlarının yaradılması ilə əlavələr edir. Dövlətimizn başçısı İlham Əliyev sözügedən Sammitdəki çıxışında bu məqamları da diqqətə çatdırdı ki, coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Yol iqtisadiyyat, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi üçün böyük stimuldur. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan yol infrastrukturunun timsalında Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini böyük əminliklə deyə bilərik. Belə ki, bu torpaqlarda 3 beynəlxalq hava limanının tikintisi nəzərdə tutulmuşdur ki, artıq ikisi - Füzuli və Zəngilan aeroportları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur. Bu hava limanlarının beynəlxalq status qazanması özündə bütün məqamları ehtiva edir. Ümumilikdə bütün bölgələrdə yol-nəqliyyat əsasdır. Azərbaycan bu sahədə də qazandığı uğurları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Hər bir ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumunun hesabatına nəzər saldıqda görürük ki, Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayanır. Belə ki, ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edir. Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır.

Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir.

Dövlət başçısı tarixi Zəfərimizin reallıqlarını söyləyərkən Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsinə də xüsusi diqqət göstərir. Bildirir ki, ölkəmizin ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq: “Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.” Cənab İlham Əliyev onu da bildirir ki, dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq. Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. «Zəngəzur dəhlizinin açılması qaçılmazdır» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, hər halda bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Digər tərəfdən, sözügedən dəhliz türk dünyası üçün “Mərkəzi Asiyaya ticarət qapısı” rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə, eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur.

Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istər Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəltdi. «Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq» söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Göründüyü kimi, Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir. Hazırkı dövrün reallığı budur ki, Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ölkəmizin ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmizin Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, dövlətimizin xarici siyasətinin gündəliyini nümayiş etdirir. Daim çıxışlarında «Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk» söyləyən cənab İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə həyat tərzimizin bu faktorunu gücləndirmişik. Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edir. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Qalib Azərbaycanın bundan sonra daha da möhtəşəm tədbirlərə ev sahibliyi edəcəyi, müxtəlif qurumlara üzv qəbul olunacağı, eyni zamanda, fəxri qonaq qismində qatılacağı şəksizdir. COP29 bir daha bu reallıqların təqdimatına geniş imkanlar yaradacaq.

Yeganə Əliyeva, «İki sahil»