25 oktyabr 2024 13:59
248

Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzidir

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edilmişdi. Ölkə Baçşısı bu dəvəti qəbul edərək cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitində iştirak edib. Qərbmərkəzli qlobal dünya nizamına alternativ bir qrup olaraq təqdim edilən BRICS, dünya əhalisinin 40%-ni (3.6 milyard), planetin 40 milyon kv kilometrini, qlobal iqtisadiyyatın isə 30%-ni əhatə etməkdədir. Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir.

Azərbaycan hökuməti avqust ayının 20-də BRICS təşkilatına üzv olmaq üçün rəsmi qaydada müraciət ünvanlayıb. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin iyul ayında Astanada təşkil edilmiş sonuncu zirvə görüşü zamanı Azərbaycanın Çin ilə strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyənnamə imzalanıb.

Azərbaycanın BRICS-ə üzv olmaq istəyinin əsasını iqtisadi səbəblər təşkil edir. İlkin iqtisadi səbəb olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün yeni investisiya kanallarının yaradılmasıdır. Bundan başqa, BRICS üzvləri ilə beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu istiqamətində çoxtərəfli əməkdaşlıqların gücləndirilməsidir. Belə ki, Rusiya, Hindistan və İranın marağında olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və eyni zamanda Çin və Avropanın marağında olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər.

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Digər iqtisadi səbəb koalisiyaya üzv olan dövlətlər arasında gələcəkdə tətbiq olunması gündəmdə olan güzəştli gömrük tarif sisteminə qoşulmaq və ya azad ticarət sazişləri və investisiyaların təşviqinə dair müqavilələr imzalamaq kimi fürsətlərin əldə edilməsidir. Bu da BRICS daxili ölkələr arasındakı ticari bariyerlərin aradan qaldırılması, dolayısı ilə Azərbaycan üçün genişmiqyaslı bazarlara əlverişli çıxışın təmin edilməsi deməkdir.

Bu da qeyd edilməlidir ki, Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

Siyasi nöqteyi-nəzərdən, BRICS üzvlərinin BMT Təhlükəsizlik Şurası (Rusiya və Çin), G20 (Braziliya, Çin, Hindistan və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatı (Rusiya, Çin və Hindistan) kimi təsir dairəsi daha böyük siyasi ittifaqların da tərkibində olduğunu nəzərə alsaq, Azərbaycanın BRICS-ə qoşulmaqla bərabər daha genişmiqyaslı platformalar vasitəsilə də beynəlxalq siyasi dəstək əldə edə biləcəyini deyə bilərik.

Əminə Ağazadə,

Milli Məclisin deputatı