05 noyabr 2024 00:06
111

Mahirə Nağıqızının bədii yaradıcılığında “Ana” məfhumu

Ana məfhumu bütün bəşər övladı üçün müqəddəs bir sözdür desək, yanılmarıq. Çünki dünyaya göz açan hər bir canlı kimi insan da ana bətnində inkişaf edib böyüdüyü, ana fiziologiyası ilə sıx bağlı olduğu üçün anaya qarşı olan məhəbbət hər bir insan üçün ülvidir, əzizdir. Bu sevgi, bu məhəbbət digər heç bir hislə müqayisəyə gəlməz. Analıq və anaya olan hissi isə hər kəs eyni cür ifadə etmir.

Məhz elə təsadüfi deyil  ki, tanınmış alim, şair, pedaqoq, ictimai xadim Mahirə Hüseynovanın yaradıcılığının şah damarını “ana” mövzusu və bu kəlimənin müxtəlif ifadə formaları, o cümlədən ana məfhumunun, ana məhəbbətinin və anaya məhəbbətin müxtəlif assosiasiyalarda ifadəsi təşkil edir.

Mahirə Nağıqızının indiyə qədər işıq üzü görmüş bütün şeir kitablarında anaya həsr olunmuş çoxsaylı şeirləri vardır. Şair bu şeirlərində öz anasına qarşı sevgisini, ürəyindəki iztirablarını, həmçinin ana məsləhətinə, ana böyüklüyünə olan ehtiyacını da ifadə etmişdir.

Mahirənin, ana, çəkmə dərdini,

Ürəyində yığma, bükmə dərdini...

Onun yaradıcılığında bəzən elə bədii təsvir vasitələrinə, elə afrizmlərə, didaktik mahiyyətli nümunələrə rast gəlmək olur ki, həqiqətən də insan qəlbinin ən incə hislərinə toxunaraq onu riqqətə gətirə bilir. Məsələn, “Anam sinəsində ocaq daşıdı.” ifadəsi ilə Mahirə xanım anasının çəkdiyi çətinlikləri, qatlaşdığı zəhmətləri ifadə etməyə çalışmışdır.

Görkəmli ziyalının şeirlərinin yüksək məziyyətlərindən biri də onun öz övladlarına, nəvələrinə, həmçinin bacı-qardaşları və onların övladlarına aid yazdığı şeirlərdə ifadə etdiyi ana məhəbbətidir. Hərçənd ki, bu tipli şeirlərində ana kəliməsi işlədilmir, bu onun qazanmış olduğu öz anasının övladlarına qarşı olan məhəbbət instinktidir ki, yalnız öz övladlarına deyil, digər doğmalarına da ana duyğuları ilə yanaşır. Bu qəbildən olan şeirlər oxucuya onu təlqin edir ki, ailə üzvləri arasındakı münasibətlərin ailənin bir ocaq kimi formalaşmağında verdiyi töhfə əvəzedilməzdir.

Ata baş qoyduğun ocaq daşındır,

Ana qəlb həmdəmin, dərd sirdaşındır,

Arxadı, dayaqdı, dağ qardaşındır

Bənzər topdağıtmaz saraya bacı.

Şair yalnız qan bağı olan ailə üzvlərinə deyil, vətən uğrunda canından keçən şəhidlərimizə də münasibətdə analıq hisləri, ana məhəbbəti ifadə edir, şəhidlərin analarının çəkdiyi iztirabları öz poeziyasında elə bir şəkildə ifadə edir ki, həmin ağrını, ana ürəyinin dağını bu şeirlərdə duymamaq mümkün deyil.

“Bir ana bətnindən düşüb, böyüyüb,

Min-min analara oğul oldular.”

Bu nümunədə şəhid oğullarımızın əslində yalnız öz ailə üzvlərinin deyil, bütün vədəndaşların doğmasına, övladına çevrildiyinə işarə edir.

Mahirə Nağıqızı yaradıcılığında ana kəliməsi nəinki sözün həqiqi mənasında işlədilir, eyni zamanda müqəddəslik, böyük dəyər ifadə etmək üçün də istifadə edir. Məsələn, “ana dili”, “ana vətən”, “ana südü” kmi ifadələrdə ana sözü müqəddəslik təcəssümüdür.

Bütün bunlarla bərabər onu da qeyd etmək lazımdır ki, Mahirə Nağıqızı yaradıcılığında “ana” sözünün işləndiyi digər dillərdə olan şeirlər də vardır. Xüsusən Türkiyə türkcəsindəki aşağıdakı parça buna misal ola bilər.

...Senin annen – demi Nazlı,

Düz dünyası güllü turnam.

Mahirə Nağıqızının bədii yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmır, o, həmçinin bir neçə hekayənin də müəllifidir. Həmin hekayələri təhlil edərkən məlum olur ki, ədibin nəsrində də  əsas obraz böyük əksəriyyət hallarda “ana”dır, başqa sözlə desək, “ana” kəliməsinin keçmədiyi hekayəsi yoxdur.

Müxtəlif yaradıcılıq nümunələrinin təhlilindən görürük ki, Mahirə Nağıqızı yaradıcılığının əsasını təşkil edən “ana” məfhumu nəinki ana sözü ilə ifadə olunur, eyni zamanda müəyyən situasiyalarda kəlimə işlənməsə də, ana məhəbbəti, qayğısı öz ifadəsini müxtəlif yollarla tapır. Bu isə hələ kiçik yaşlarda Nazlı ananın övladlarına aşıladığı, miras qoyduğu ana məhəbbətinin nə qədər qüvvətli olduğunun göstəricisidir. Müasir texnologiya əsrində insanlar arasında ünsiyyətin, milli yaddaşımızda kök salmış doğmalıq münasibətlərinin get-gedə  zəiflədiyi bir dövrdə Mahirə xanımın  yaradıcılığındakı ana konteksti “ana” məfhumunun nə qədər müqəddəs olduğunu yeni nəslə aşılamaqda olduqca əhəmiyyətlidir.

Qanadın yox idi, amma mələkdin,

Bu elə, obaya, vallah, gərəkdin,

Ocaqdın, pir idin, din-bərəkətdin.

Qayıt gəl, balanı yoxlamaq üçün.

Leyla Səfərova,
ADPU Xarici Dillər Mərkəzinin müdir müavini,
Filologiya üzrə fəlsəfə doktoru