09 noyabr 2024 14:34
298

Üçrəngli Bayrağımız azad edilmiş ərazilərimizdə qürurla dalğalanır

Azərbaycan bayrağı – göy, qırmızı və yaşıl rənglərdən ibarət olan üçrəngli bayraq, üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bu bayraq Azərbaycan xalqının azadlıq və müstəqillik simvolu olmaqla yanaşı, zəngin tarixi keçmişə malikdir. Hər bir rəngi, hər bir simvolu xalqımızın mübarizəsini, inamını və dəyərlərini əks etdirir.

Bayrağımızın ilk dəfə qəbul edilməsi 1918-ci ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli rəmzlərin, o cümlədən bayrağın təsdiq olunması zərurəti yarandı. Müxtəlif variantlar müzakirə olunduqdan sonra, nəhayət, 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən göy, qırmızı və yaşıl rənglərdən ibarət olan üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edildi.

Bu bayrağın rənglərinin hər biri dərin məna daşıyır. Göy rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam dinini simvolizə edir. Aypara və səkkizguşəli ulduz isə islam mədəniyyətinin və türk xalqlarının birliyinin rəmzləridir.

Noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sevincimizə Qarabağın incisi, musiqimizin, ədəbiyyatımızın beşiyi, qədim tarixi şəhərimiz Şuşanın da işğaldan azad olunması xəbərini əlavə etdi. Artıq bu gün – 9 noyabr Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızın işğaldan azad edilmiş Şuşa şəhərində qürurla dalğalanır. Qürurla qeyd edirik ki, tariximiz yenidən yazılır. Artıq torpaqlarımızın işğal olunma tarixi işğaldan azad edilmə tarixi ilə əvəzlənir. Azərbaycan Ordusu Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya sübut edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir. Xalqımız tam əmindir ki, işğal altında olan digər torpaqlarımız da Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində azad olunacaq, müqəddəs bayrağımiz bütün Azərbaycanda dalğalanacaq. Bu gün ən yüksək zirvələrdə dalğalanan, küçə və meydanlarımızı, paytaxt və bölgələrimizi, şəhər və kəndlərimizi, qəsəbələrimizi bəzəyən, sentyabr ayının 27-dən bu günədək qələbə sevincimizin müjdəçisi olan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir: “Bir daha bütün dünyaya sübut edirik ki, biz böyük, məğrur xalqıq! Biz yenilməz xalqıq! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Bu birlik əbədidir! Bu gün bu əminliyi də böyük inam və qürurla ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tarixə 2020-ci ilin Zəfər Sərkərdəsi, Azərbaycan Ordusu ən güclü və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman Xalq kimi yazılacaq. Qarşıdakı illərdə bu birlik yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların uğurlu icrasını təmin edəcək. Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun, yenilməz Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Könül Həsənova,
YAP Xətai rayon təşkilatının "Telnov 6 ünvanı" üzrə ərazi partiya təşkilatının üzvü