10 noyabr 2024 08:07
221

Minlərlə insan daşqınlara görə küçələrə çıxıb

Madriddə və Valensiyada noyabrın 9-da minlərlə insan daşqınlara görə İspaniya hökumətinə qarşı etiraz etmək üçün küçələrə çıxıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “İzvestiya” yerli KİV-ə istinadən məlumat yayıb. İspaniyanın “20 minutos” qəzetinin məlumatına görə, Valensiyada təxminən 40 ictimai və vətəndaş təşkilatının təşkil etdiyi kütləvi aksiyada 130 min nəfərə yaxın insan iştirak edib. Bildirilib ki, etirazçılar regional hökumətin başçısı Karlos Masona qarşı çıxaraq ölkədəki daşqınların dağıdıcı fəsadlarına görə onun istefasını tələb ediblər. Mitinq iştirakçıları həmçinin faciə qurbanlarının xatirəsini yad ediblər. Sosial şəbəkə istifadəçiləri aksiya iştirakçıları ilə İspaniya hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmaların baş verdiyini də qeyd ediblər.

Xatırladaq ki, son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 223 nəfərə çatıb və qurbanların əksəriyyəti Valensiyada qeydə alınıb. Oktyabrın 29-da İspaniyanın Dövlət Meteorologiya Agentliyi güclü yağışlar səbəbindən ölkənin müxtəlif bölgələrində əlverişsiz hava şəraiti barədə xəbərdarlıq edib. Krallığın cənub və şərqində leysan yağışları səbəbindən hava təhlükəsi maksimum həddə qaldırılıb.