11 noyabr 2024 20:02
239

Aleksandr Vuçiç: Azərbaycanla əməkdaşlığımızın inkişafı istiqamətində addımları davam etdiririk

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq məsələlərini, Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı məsələləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə iqlim konfransının açılışına gələn Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında bildirib.

“İndicə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Dəvətinə və qonaqpərvərliyinə görə ona dərin minnətdarlığımı bildirirəm. Biz COP ilə bağlı bəzi mühüm məsələləri müzakirə etdik və Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələrə başladıq. Hər iki ölkə Serbiyanın cənubunda yerləşən Nij şəhərindəki bu qaz elektrik stansiyasının səhmdarları ola bilər. Biz bunu reallaşdıra bilsək, bu, sıx əməkdaşlığımızda daha bir mühüm addım olacaq”, - o deyib.

Serbiya liderinin sözlərinə görə, bu layihə onun ölkəsi üçün çox vacibdir. “Azərbaycan artıq Serbiyaya qaz tədarük edir. Bizimlə yeni layihədə iştirak etməyə hazır olduqları üçün Azərbaycandan olan dostlarımıza təşəkkür edirik”, - o bildirib.

“Biz son bir ildə ticarət dövriyyəsinin səviyyəsini 5 il əvvəlki ilə müqayisədə uğurlu şəkildə, 30 dəfə artırmışıq və bu, misilsizdir. Özümü Azərbaycanda, Bakıda həqiqətən də evimdəki kimi hiss edirəm və gələn ilin yayında ölkənizə yenidən gələcəyimə ümid edirəm”, - Serbiyanın rəhbəri söyləyib.

A.Vuçiç qeyd edib ki, iqlimin maliyyələşdirilməsi məsələləri çox mürəkkəbdir və böyük investisiyalar tələb edir. Onun sözlərinə görə, hələ Qlazqoda keçirilən COP zamanı tərəflər bu məqsədlər üçün hər il xeyli vəsait ayıracaqlarına söz veriblər, lakin onlar vədlərinə əməl etməyiblər. “Ümid edirəm ki, biz daha effektiv olacağıq və birlikdə xalqlarımızın rifahı üçün nələrsə edəcəyik”, - o deyib.