12 noyabr 2024 15:51
218

Almaniyada erkən parlament seçkiləri gələn il fevralın 23-də keçiriləcək

Almaniyanın Xristian-Demokrat və Xristian-Sosial ittifaqlarının, həmçinin Sosial-Demokrat və Yaşıllar partiyalarının mühafizəkar bloku növbədənkənar parlament seçkilərinin tarixi ilə bağlı razılığa gəliblər. Razılığa əsasən, erkən seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək.

“İki sahil” “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts hökumətə etimad məsələsini dekabrın 16-da Bundestaqın müzakirəsinə çıxarmağı planlaşdırır. Bundan sonra növbədənkənar seçkilərə yol açılacaq.

Deputatlar kanslerə etimaddan imtina etsələr, AFR prezidenti qanunvericiliyə əsasən, 21 gün ərzində Bundestaqı buraxmaq məcburiyyətində qalacaq və 60 gün ərzində yeni seçkilər keçiriləcək. Səsvermə tarixi ilə bağlı yekun qərarı dövlət başçısı imzalayacaq.

Lakin mühafizəkarlar hökumətə etimad məsələsi müzakirəyə çıxarılanadək parlamentin işinə mane olacaqlarını bildirirlər. Almaniya kansleri isə planlaşdırılan bir sıra qanun layihələrini ilin sonunadək Bundestaqdan keçirmək niyyətindədir.

Qeyd edək ki, hazırda Almaniya kəskin siyasi böhran yaşayır. Bu, hakim koalisiyada büdcə, maliyyə və iqtisadi siyasət, o cümlədən Ukraynaya əlavə yardım məsələsində fikir ayrılığı ilə əlaqədardır. Noyabrın 6-da Olaf Şoltsun Azad Demokrat Partiyasının nümayəndəsi Kristian Lindneri maliyyə naziri vəzifəsindən azad etmək qərarından sonra koalisiya dağılıb.