13 noyabr 2024 01:52
231

Tokayev ilə Ərdoğan Bakıda görüşüb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Bakıda görüş keçirilib.

“İki sahil” “Zakon.kz”a istinadla xəbər verir ki, Bakıda görüşməkdən məmnunluqlarını bildirən tərəflər bu il Qazaxıstan və Türkiyə arasında dostluq və əməkdaşlıq müqaviləsinin 30 ilinin tamam olduğunu bildiriblər.

"Qardaşlıq münasibətlərimiz sürətlə inkişaf edir. Siyasi səviyyədə konstruktiv dialoq var. Hökumətlərimizin əməkdaşlığı getdikcə artır. Türkiyə Qazaxıstanın 5 ən böyük ticarət tərəfdaşından biridir. Ötən il ikitərəfli ticarət dövriyyəsi 6 milyard dollara çatıb. ”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Eyni zamanda, dövlət başçısı Türkiyənin Qazaxıstan iqtisadiyyatına külli miqdarda sərmayə qoyan əsas investorlardan biri olduğuna diqqət çəkib və türk iş adamlarının iştirakı ilə həyata keçirilən investisiya layihələrinin onun himayəsində olacağını açıqlayıb.

Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Türkiyə arasında əlaqələrin strateji şəkildə inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da canlandırılması üçün böyük potensialın olduğunu bildirib: “Əziz qardaş, əminəm ki, gələn il Ankarada keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında kənd təsərrüfatı, müdafiə, enerji, nəqliyyat və logistika sahələrində mühüm razılaşmalar əldə edəcəyik. Biz Qazaxıstanla ticarət dövriyyəsini 15 milyard dollara çatdıracağıq”.

O, Türkiyə şirkətlərinin Qazaxıstan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, türk iş adamları Qazaxıstanın kənd təsərrüfatı sektorunun potensialının inkişafı, atom elektrik stansiyalarının tikintisi və neft-qaz nəqli istiqamətində təcrübə mübadiləsi aparmağa və qarşılıqlı faydalı tərəfdaşlıq yaratmağa hazırdırlar.

Bundan başqa, dövlət başçıları beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli strukturlar çərçivəsində bir-birini dəstəkləmək barədə razılığa gəliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”