13 noyabr 2024 02:28
240

Özbəkistan Yaşıl İqlim Fondu ilə əməkdaşlığı aktivləşdirmək istəyir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakı COP29 çərçivəsində Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duerteni qəbul edib.

“İki sahil” Uza.uz-a istinadla xəbər verir ki, görüşdə iqlim dəyişikliyinə uyğunlaşma və onun nəticələrinin yumşaldılmasına yönəlmiş birgə layihə və proqramların həyata keçirilməsi üzrə əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

Fondun Özbəkistanın müvafiq təşkilatlarının potensialının inkişafına və milli uyğunlaşma planlarının hazırlanmasına dəstək verməsi yüksək qiymətləndirilib.

Bildirilib ki, hazırda birgə layihələrin portfeli 160 milyon dollar təşkil edir və su ehtiyatlarının idarə edilməsi, “yaşıl” enerjinin inkişafı, “yaşıl” maliyyələşdirmə və bir sıra digər prioritetləri əhatə edir. Bundan əlavə, dəyəri 5 milyard dollar olan iki regional layihə və 500 milyon dollarlıq üç milli layihə hazırlanır.

Məlumata görə, tərəflər arasında innovativ yaşıllaşdırma və davamlı torpaq idarəçiliyi, Orolbayda sosial-ekoloji vəziyyətin yaxşılaşdırılması proqramlarının həyata keçirilməsi yolu ilə tərəfdaşlığın daha da genişləndirilməsi razılaşdırılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”