Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası çərçivəsində indiyədək 1240 kilometr uzunluğunda fiber optik kabel döşənib.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O bildirib ki, Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görülən işlər üzrə 1240 kilometr uzunluğunda fiber optik kabel çəkilib. Bu hissədə 3 ədəd fiber optik kabel çəkilib və nəticədə ümumilikdə 3720 kilometr uzunluğunda kabel döşənib.
"Faza-0 çərçivəsində boru kəməri üzrə bütün işlər yekunlaşıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün isə boru kəməri xəndəyinin 99 faizi qazılıb. 428 kilometr boru marşrut xətti boyunca düzülüb. Ümumilikdə 370 kilometr boru isə qaynaq edilib”, - deyə TANAP-ın baş direktoru əlavə edib.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.