20 noyabr 2024 08:56
144

Aleksandar Vuçiç Serbiyanın əsas strateji hədəfini açıqlayıb

Serbiya 2026-cı ilin sonuna qədər “Expo 2027” layihəsinin tamamlanması ilə yanaşı, Avropa İttifaqına üzvlük üçün bütün meyarları yerinə yetirməyi qarşıya məqsəd qoyub.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində deyib.

Aleksandar Vuçiç bunun Serbiyanın yeni əsas strateji hədəfi olduğunu qeyd edib: “Bu məqsədə yüksək artım templəri, aşağı inflyasiya və 50 faizdən az dövlət borcu ilə nail olacağıq”.

Serbiya Prezidenti noyabrın 1-də Novı Sad şəhərində dəmiryolu vağzalındakı qəzada həlak olanların ailələrinə başsağlığı verib və dövlətin onlara kömək edəcəyini bildirib.

Aleksandar Vuçiç deyib ki, məsuliyyətdən qaçmaq olmaz və Novı Sadda baş verən qəzaya görə hökumətdə və başqa yerlərdə istefalar gözləyir.

Xatırladaq ki, Novı Sad şəhərindəki dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər hadisə yerində həlak olub, bir nəfər xəstəxanada dünyasını dəyişib, ağır vəziyyətdə olan iki nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqrad 2027-ci il mayın 15-dən avqustun 15-dək “Expo 2027” ixtisaslaşdırılmış sərgisinə ev sahibliyi edəcək.