20 noyabr 2024 14:32
181

Bakıda şəhər nəqliyyatının yaşıllaşdırılması üzrə dəyirmi masa keçirilib

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Nəqliyyat İşçilərinin Beynəlxalq Federasiyas (IFT) və UN-HABİTAT-ın təşkilatçılığı ilə şəhər nəqliyyatının yaşıllaşdırılması üzrə dəyirmi masa təşkil olunub.

“İki sahil” xəbər verir ki, dəyirmi masada rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək, Azərbaycanda şəhər nəqliyyatının optimallaşdırılması barədə danışıb. Qeyd olunub ki, paytaxt Bakının ictimai nəqliyyatının səmərəli fəaliyyətini təmin etmək üçün sərnişin daşıyan avtobuslar, velosiped və skuterlər üçün xüsusi yollar salınıb. İctimai nəqliyyatda daha çox elektrik enerjisi ilə işləyən avtobuslar istismara buraxılıb. Karbonsuzlaşdırma istiqamətində Bakı şəhər rəhbərliyi ilə birlikdə atılan addımlardan biri də dizel yanacağından istifadənin azaldılmasıdır. Dizel yanacağı ilə çalışan avtobuslar tədricən istismardan çıxarılıb və onların yerini elektrobuslar tutub.

Nazir diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə paytaxtda və regionlardakı şəhərlərdə nəqliyyat vasitələrinin də sayı artır. Bu da karbon emissiyasının artmasına səbəb olur. Bu problemin aradan qaldırılması istiqamətində hökumət elektromobilləri təşviq edir, onların ölkəyə gətirilməsi üçün gömrük rüsumunu aradan qaldırıb.

Şəhərsalma istiqamətində aparılan işlər zamanı beynəlxalq təcrübə nəzərə alınır və mühərriksiz nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün infrastruktur yaradılır.

UN-HABİTAT-ın baş direktoru Anaklondiya Rossboç çıxış edərək bildirib ki, dünyada baş verən urbanizasiya prossesləri şəhərlərin böyüməsinə və insanlarla yanaşı, sənaye müəssisələrinin, avtomobillərin də artmasına səbəb olur. Bu da karbon emissiyasının artmasına, atmosferə digər zəhərli qazların tullanmasına gətirib çıxarır. Bu problemlərin həlli məqsədilə müasir şəhərsalmada mühərriksiz nəqliyyat vasitələri üçün infrastrukturlar yaradılmalı, onların sərbəst hərəkəti təmin olunmalıdır. Bununla yanaşı, “yaşıl” şəhərlərin salınması da aktuallıq kəsb edir. İstənilən böyük şəhərdə yaşıllıq ərazi daha çox olmalıdır. Bu tədbirlər COP-un başlıca məqsədi olan sıfır emissiyaya nail olmaq üçün əsas amillərdir.

Sonra IFT-in, Avropa Komissiyasının, Asiya İnkişaf Bankının nümayəndələri, Türkiyənin, Qazaxıstanın, Pakistanın nəqliyyat nazirləri, Kanada, Almaniya, İtaliya, Qvatemala, Mazambik, Keniya, Burundi və digə dövlətlərin müvafiq strukturlarının nümayəndələri öz təcrübələrindən danışıblar. Qeyd olunub ki, müasir şəhərsalmada əsas prinsip yaşıllaşdırmadan ibarət olmalıdır. Yeni şəhərləri nəqliyyatsız təsəvvür etmək mükün deyil, lakin daha çox elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitələrinə üstünlük vermək lazımdır.

Yaqut Ağaşahqızı, “İki sahil”