05 mart 2026 19:15
218

Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid və ya təhlükə mənbəyi kimi istifadə olunmayıb

Naxçıvan Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir və onun təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin vacib hissəsidir. Belə bir əraziyə kənardan pilotsuz uçuş aparatının daxil olması və ya düşməsi bölgədə gərginlik yarada bilər. Region ölkələri arasında etimadın qorunması və sabitliyin təmin olunması üçün belə halların baş verməməsi vacibdir. Dövlətlər arasında qarşılıqlı hörmət və beynəlxalq hüquq normalarına riayət olunması regionda sülh və təhlükəsizliyin əsas şərtidir.

İranda mövcud olan bu rejim uzun illərdir azərbaycanlılara qarşı düşmən mövqe sərgiləyərək soydaşlarımızı bir çox fundamental hüquq və azadlıqlardan məhrum edib. Azərbaycanlıların dil, mədəniyyət və kimlik hüquqları sistemli şəkildə məhdudlaşdırılıb, onların ictimai və siyasi fəaliyyət imkanları daraldılıb. Soydaşlarımız daim təzyiq və nəzarət altında saxlanılıb, ən sadə hüquqi tələbləri belə çox vaxt cavabsız qalıb. Xüsusilə də azərbaycanlı fəallar və ictimai xadimlər daha sərt təqiblərlə üzləşiblər. Öz xalqının hüquqlarını müdafiə edən, mədəni və dil hüquqlarını tələb edən şəxslər müxtəlif ittihamlarla saxlanılıb, sorğu-suala çəkilib və cəzalandırılıb. Bir çox hallarda bu fəalların fəaliyyəti məhdudlaşdırılıb, onların səsi boğulmağa çalışılıb. Bütün bunlar nəticə etibarilə azərbaycanlı icmasının sosial, mədəni və siyasi həyatına ciddi təsir göstərib. Buna baxmayaraq, soydaşlarımız öz kimliklərini, dillərini və mədəniyyətlərini qorumaq uğrunda mübarizəni davam etdirir, hüquq və azadlıqlarının təmin olunmasını tələb edirlər.

Azərbaycan dövləti hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq qonşu ölkələrlə münasibətlərdə qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətinə üstünlük verib. Ölkəmiz regionda sabitliyin və əməkdaşlığın qorunmasını əsas prioritetlərdən biri hesab edib və bu istiqamətdə ardıcıl siyasət yürüdüb.

Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid və ya təhlükə mənbəyi kimi istifadə olunmayıb. Əksinə, Azərbaycan daim regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün səylər göstərib. İran daxil olmaqla bütün qonşu ölkələrlə münasibətlərdə qarşılıqlı hörmət, suverenliyin tanınması və daxili işlərə qarışmamaq prinsipləri əsas götürülüb. Azərbaycan regionda sabitliyin qorunmasında maraqlı olan məsuliyyətli dövlət kimi hər zaman gərginliyin artmasına deyil, dialoqa və konstruktiv əməkdaşlığa üstünlük verib.

Ayaz Cəbrayılov,

YAP Kürdəmir rayon təşkilatının sədri