20 noyabr 2024 15:34
130

COP29 çərçivəsində BƏT-in regional direktoru ilə DOST Mərkəzində görüş olub

COP29 çərçivəsində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə təşkil olunan “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə doğru” adlı tədbirdə iştirak etmək üçün ölkəmizə gələn BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andreslə 5 saylı Bakı DOST Mərkəzində görüş olub.

“İki sahil” xəbər verir ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə BƏT-in Moskva ofisinin direktoru Mixail Puşkin və BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev də iştirak ediblər. Onlar əvvəlcə DOST Mərkəzində göstərilən xidmətlərlə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST mərkəzləri barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, sosial xidmətlərin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verən DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurlarını diqqətə çatdırıb.

Qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib.

Görüşdə ölkəmizin ev sahibliyi etdiyi COP29-un, habelə bu tədbir çərçivəsində yaşıl iqtisadiyyata ədalətli keçidin təmin olunması ilə bağlı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

Ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsini qeyd edən S.Babayev Azərbaycanın bu qurumun 60-dək konvensiyasına, o cümlədən 10 fundamental konvensiyasından artıq 9-na qoşulduğunu vurğulayıb. Qeyd olunub ki, BƏT-lə birgə ötən dövrdə layiqli əmək üzrə iki ölkə proqramı uğurla icra edilib, növbəti ölkə proqramının layihəsi hazırlanıb.

Ötən ay İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzi ilə BƏT-in İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalanmasının da əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib. İqlim dəyişikliyi kontekstində, yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı da bu BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyi bildirilib.

B.Andres Azərbaycanın əmək və məşğuluq sahələrində aparılan islahatlar prosesində BƏT-lə davamlı və səmərəli əməkdaşlığından məmnunluq ifadə edib. Görüşdə yaşıl iqtisadiyyata keçidlə əlaqədar yaşıl iş yerləri və bacarıqların inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.