20 noyabr 2024 16:28
131

Dünya Səyahət və Turizm Şurası tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” təqdim olunub

COP29-da “Turizm günü” çərçivəsində Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dünya Səyahət və Turizm Şurası (WTTC) tərəfindən “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi”nin ikinci nəşri təqdim edilib.  “Səyahət və Turizm üzrə Net Sıfır Yol Xəritəsi” 2021-ci ildə COP26-da çərçivəsində Qlazqo şəhərində təqdim olunan ilk yol xəritəsinin təkmilləşdirilmiş dekarbonizasiya sənədi kimi turizm sektorunun 2050-ci ilə qədər “net sıfır” (Net Zero) məqsədinə çatmaq üçün iqlim fəaliyyətinin təcili olduğunu diqqətə çatdırır.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə nəşr olunan hesabatda təhlil edilən 250 turizm şirkətinin 53%-nin artıq iqlim hədəflərini müəyyən etdiyi, bunun 2021-ci ildə nəşr olunan ilk hesabatla müqayisədə 42% artım olduğu qeyd olunur. Hesabata əsasən qlobal səyahətçilərin 75%-i daha dayanıqlı səyahət etmək istəklərini ifadə edirlər. 

Tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, təqdim olunan hesabat aviasiyadan hotelçiliyə qədər turizmlə birbaşa və dolayısı ilə əlaqəli olan sahələrdə emissiyaların azaldılması üzrə yol xəritəsini təqdim edir. O, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində turizmin beynəlxalq iqlim müzakirələrinə daxil edilməsini qlobal turizm sənayesi üçün mühüm uğur olduğunu, turizm sahəsində dayanıqlılıq təcrübələrinin milli strategiyalara tətbiqinin, qlobal iqlim məqsədlərinə uyğunlaşan, həmçinin təbii irsimizi qoruyaraq yerli icmaları dəstəkləyən yanaşmanın önəmini vurğulayıb. 

Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culia Simpson çıxışında yenilənmiş yol xəritəsinin turizm və səyahət biznesi üçün bir çağırış olduğunu, planetimizi qorumaq və turizmin davamlı və dayanıqlı bir dünya üçün dəstəyini təmin etmək üçün birgə təcili addımların vacib olduğunu qeyd edib.

Hesabatda son üç il ərzində qlobal turizm sənayesi üzrə iqlim hədəflərinin müəyyənləşdirilməsində 27% artımın müşahidə olunduğu və onların yarıdan çoxunun emissiyaların azaldılması öhdəliyinə fəal şəkildə sadiq qaldığı vurğulanır.

Hesabatda qeyd olunan Dünya Səyahət və Turizm Şurasının “Ətraf mühit və sosial araşdırmalar sənədi”nə əsasən 2023-cü ildə səyahət və turizm sahəsi qlobal emissiyaların 6.5%-ni təşkil edib ki, bu da 2019-cu ildəki ən yüksək 7.8%-lik göstərici üzrə azalmanı, eləcə də sektorun istixana qazlarının intensivliyindəki 10.2%-lik azalmanı göstərir. Eləcə də 2023-cü ildə aviasiya sektoru üzrə karbon intensivliyinin 2019-cu illə müqayisədə 6%, kruiz səyahətləri və hotelçilik sənayelərinin hər biri üzrə 11% azalma müşahidə olunduğu qeyd olunur.

Yol xəritəsi, həmçinin biznesləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, turizm və səyahət şirkətlərini, dövlətləri və digər maraqlı tərəfləri bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir, səyahətçiləri daha məsuliyyətli səyahət etməyə çağırır.  

Hesabatın tam mətni ilə buradan tanış olmaq mümkündür:

https://researchhub.wttc.org

Orxan Vahidoğlu, "İki sahil"