Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sektora göstərdiyi qayğı dağlar diyarı Lerik rayonunda da öz uğurlu nəticələrini verir. İndi burada ərzaq bolluğu yaratmaq üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Torpaqların hər qarışından səmərəli istifadə olunur, gəlir gətirən məhsulların əkininə geniş yer ayrılır, rayonun ənənəvi təsərrüfat sahələri bərpa edilir.
Tütünçülük rayonda vaxtilə ən gəlirli sahə olmuşdur. 1985-1987-ci illərdə burada 210 hektar tütün əkilmiş, 422 ton məhsul istehsal olunaraq dövlətə təhvil verilmişdi. Lakin sonralar bir müddət bu gəlirli sahədə tənəzzül yaranmışdı. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə rəhbərin 10 avqust 2017-ci il tarixli Sərəncamı tütünçülüyün dirçəlməsinə yeni stimul oldu. Ölkə başçısının dediyi “Uzun illər diqqətdən kənarda qalan tütünçülük çox gəlirli sahədir və hökumət bu sahənin inkişaf etdirilməsi üçün ciddi tədbirlər görür. Biz tütünçülüyü bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar, dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda , tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir, göstərəcəkdir” fikri Lerikdə çörəyi torpaqdan çıxan kənd adamlarına qol-qanad verdi.
Artıq dağlar diyarında bu sahə inkişaf yolundadır. Rayonda torpaq-iqlim şəraiti tütün əkib-becərilməsi üçün olduqca əlverişlidir. Məhsul istehlakçılar tərəfindən bu il 25 hektarda tütün yetişdirilib. Bunun 12 hektarı “ Verciniya”, 13 hektarı isə “ İmmuna” növüdür. 100 nəfərə yaxın vətəndaş daimi və mövsümü işlə təmin olunub. 18 ton yaş tütün yarpağı yığılaraq Yardımlı rayonunda yerləşən qurutma sexinə göndərilib. “ İmmuna” növü əkən torpaq mülkiyyətçiləri tərəfindən isə 6 ton yarpaq qurudublar. Sahələrdə məhsul boldur, yığım davam edir.
Lerik Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirdilər ki, rayon üçün ənənəvi sahə olan tütünçülüyə maraq böyükdür. Gələcəkdə tütün əkini sahələrini daha da artırmaq nəzərə alınıb. Rayonda tütün tədarükü məntəqəsinin bərpası, mədəniləşdirilmiş qurutmaxanaların tikintisi, məhsul istehsalçıların toxumla təmin olunması, eləcə də digər işlərin görülməsi istiqamətində tədbirlər görülür. Bütün bu işləri görməkdə əsas məqsəd Lerik əhalisinin həyat səviyyəsini qaldırmaqdan irəli gəlir.
Təcrübəli tütünçülərlə görüşüb söhbət etdim. Gəray Qəmbərov dedi ki, tütünçülük gəlir gətirməklə bərabər, həm də əməktutumlu sahədir. Bizim torpaqlarda bol məhsul yetişir, keyfiyyəti də yüksək olur. Rayonda tütünçülüyün inkişafı əhali üçün yeni iş yerlərinin açılması deməkdir. Məhz dövlət başçımız da bunu istəyir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü