Yeddi müəssisə üçün yeni inzibati bina tikilib

30 oktyabr 2017 14:36
379

“Azəravtoyol” ASC tərəfindən yenidən təşkil edilmiş yeddi müəssisə üçün yeni inzibati bina tikilib

“Azəravtoyol” ASC-də 2017-ci ilin 9 ayı ərzində işçilərin təhlükəsizliyini, sağlamlığını, iş qabiliyyətinin qorunmasını təmin edən qanunvericilik, sosial-iqtisadi, təşkilati, texniki, gigiyenik və müalicəvi-profilaktik tədbirlər həyata keçirilib, istehsalat sahələrinin, texniki-istehsalat bazalarının, binaların, maşın-mexanizmlərin, qurğu və avadanlıqların texniki-istismar qaydalarına uyğun istifadə edilməsinə nəzarət gücləndirilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, yenidən təşkil edilmiş 7 müəssisə üçün yeni inzibati bina tikilib, işçilər üçün normal iş şəraiti yaradılıb.

Həmçinin 27 müəssisənin inzibati və yardımçı binaları yenidən təmir edilib, isidici və sərinləşdirici qurğular quraşdırılıb, mebel və texniki avadanlıqlarla təchiz olunub, həyətyanı sahələri abadılaşdırılıb, işçilər üçün layiqli iş şəraiti təmin edilib.

Bundan başqa, 17 №-li (Göyçay) və 28 №-li (Qazax) Yol İstismarı MMC-ləri, “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-i (Bakı) və “1 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-i (Bakı) üçün əlavə yardımçı binalar tikilib, ərazilərində təmir və abadlıq işləri aparılıb.