24 noyabr 2024 21:50
78

"Bert" fırtınası İngiltərədə daşqınlara səbəb olub

Şiddətli “Bert” qasırğası İngiltərədə daşqınlara, elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın kəsilməsinə səbəb olub.

“İki sahil” xəbər verir ki, ölkə mətbuatında yer alan məlumata görə, fırtına yüzlərlə insanın evlərini tərk etməsinə səbəb olub.

İngiltərə Meteorologiya İdarəsinin (Met Office) açıqlamasında, dünən gecə İngiltərə, Uels və Şotlandiyada 200-dən çox daşqın, yağış və külək xəbərdarlığı edildiyi, şiddətli yağışla əlaqədar ölkənin əksər hissəsində "sarı həyəcan" xəbərdarlığının davam etdiyi ifadə edilib.

Məlumata görə, Uelsdə torpaq sürüşməsi baş verib, Şimali İrlandiyanın Daun və Tayron bölgələrində də çoxlu evlər su altında qalıb.

Pis hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi gözlənilir.

Meteorologiya İdarəsindən dünən verilən açıqlamada qar, buz, güclü yağış və güclü küləyə səbəb olan “Bert” qasırğası ilə əlaqədar çox təhlükəli hadisələrin baş verə biləcəyinə dair xəbərdarlıq edilib.

Açıqlamada bildirilib ki, şiddətli tufanla əlaqədar gediş-gəlişdə gecikmələr və daşqınlar baş verə bilər, bəzi bölgələrdə küləyin sürəti saatda 113 kilometrə çata bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”