Oktyabrın 30-da Azərbaycan və bütövlükdə region üçün olduqca mühüm hadisə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılışı olacaq. Bakıda keçiriləcək açılış mərasimində ölkəmizlə yanaşı, Türkiyə və Gürcüstanın dövlət və hökumət rəhbərləri də iştirak edəcəklər.
Layihəyə böyük beynəlxalq maraq müşahidə edilir. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanla və ölkəmiz üzərindən digər Avropa dövlətləri ilə logistik əlaqələri genişləndirməkdə olan Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev mərasimdə xüsusi qonaq qismində iştirak edəcək. Bundan əlavə, Çin və digər region dövlətlərindən çoxsaylı rəsmi qonaqların açılış mərasiminə qatılacağı gözlənilir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 2007-ci ildə başlanılıb. Gürcüstan ərazisindəki hissəsinin ümumi uzunluğu 245 kilometrdən çox, Türkiyə ərazisində isə 76 kilometrdir. BTQ “Şərq-Qərb” nəqliyyat dəhlizinin və tarixi “İpək Yolu” layihəsinin mühüm tərkib hissəsidir və iqtisadi baxımdan beynəlxalq yükdaşımada ən səmərəli variantlardan hesab edilir.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana və region ölkələrinə bir sıra iqtisadi faydalar gətirəcək. İlk növbədə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərtərəfli əlaqələrin daha da dərinləşməsinə, strateji tərəfdaşlığın güclənməsinə səbəb olacaq. Ekspertlər hesab edirlər ki, layihə işə düşəndən sonra bir sıra problemlərin həll edilməsinə şərait yaradacaq. BTQ Avropa ölkələrinə qısamüddətli gediş-gəlişləri təmin edəcək. Asiyadan Avropaya və əksinə daşınan yüklərin daha qısa müddətdə mənzil başına çatmasına gətirib çıxaracaq. Çindən bəzi Avropa ölkələrinə 40-60 gün ərzində çatdırılan yüklər BTQ vasitəsilə cəmi 12-14 gün ərzində yetişəcək. Bu, iqtisadi baxımdan ən səmərəli variant kimi qiymətləndirilir.
Hesablamalara görə, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından bir il ərzində 1,5 milyon nəfər istifadə edəcək və il ərzində ən azı 6,5 milyon ton yük daşınması həyata keçiriləcək. Lakin gələcəkdə yükdaşımaların həcmi dəfələrlə artacaq, bəzi ekspertlərin proqnozlarına görə, 40-50 milyon tona çatdırılacaqdır.
Qeyd edək ki, hazırda Azərbaycan Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış edir. Aparılan genişmiqyaslı quruculuq işlərinin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir. Həmçinin 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına şərait yaradacaq.
Rəsmi strukturlar bildirirlər ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə salındıqdan sonra Çindən gələn və bəzi Mərkəzi Asiya ölkələrindən keçən yükün həcmi böyük dərəcədə artacaq. Aparılan təhlillərə görə, 2020-ci ildə Şərq-Qərb istiqaməti üzrə yükdaşımaların həcminin 5 dəfə artacağı gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi səmərəliliyi ilə yanaşı, onun böyük geosiyasi əhəmiyyəti də yüksək qiymətləndirilir. Azərbaycan bu tipli layihələrlə Avrasiyanın birləşdirici məkanı funksiyasını öz üzərinə götürür. BTQ-yə təkcə üç ölkənin birgə layihəsi kimi yanaşmaq doğru olmazdı. Layihə Türkiyə və Gürcüstanla əlaqələrimizi dərinləşdirməklə yanaşı, Asiyanın və Avropanın bir çox dövlətləri ilə tərəfdaşlıq imkanlarını da inkişaf etdirməyə xidmət edəcəkdir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Çin Xalq Respublikasının layihəyə maraq göstərməsi BTQ-nin cəlbediciliyindən və rəqabət qabiliyyətindən xəbər verir. Avropaya ən çox məhsul ixrac edən dövlətlərdən biri kimi Çin “Şərq-Qərb” nəqliyyat dəhlizinə, eləcə də BTQ-yə ən çox maraq göstərən ölkələrdən biridir.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın regionda geosiyasi oyunçu kimi rolunu xeyli artırır. Ekspertlər hesab edirlər ki, bu layihə Azərbaycan torpaqlarını işğal edən təcavüzkar Ermənistanın beynəlxalq layihələrdən təcrid edilməsində mühüm amildir. Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərindən kənarda qalmaqla özünütəcrid siyasətinin qurbanına çevrilir. Digər tərəfdən, uzun illərdir Ermənistanın işğalçı siyasəti üzündən faktiki blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikası BTQ vasitəsilə bu çətinliklərdən qismən də olsa xilas ola bilər. Mütəxəssislərin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Naxçıvana həm sərnişin, həm də yük daşımalarında səmərəli şəkildə istifadə etmək mümkün olacaq.
Bakı-Tbilisi-Qars layihəsi regionda qarşılıqlı əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Taleh Turqut, “İki sahil”