28 noyabr 2024 00:13
75

Yeni hədəflərə nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir

Dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır

Bu ilin sentyabrında keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər bunu təsdiqləyir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq belə bir çağırışı da səsləndirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Ölkə Prezidenti cari ilin sentyabr ayına qədərki dövrün sosial-iqtisadi göstəriciləri əsasında bu məqamı da qeyd etdi ki, gələn ilin büdcə parametrləri də daha genişmiqyaslı, iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq.

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqları özünü ölkəmizin iqtisadi və maliyyə imkanlarının daha yüksək sürətlə artmasında büruzə verir. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi aktuallığını qoruyur, dövrün çağırışlarına uyğun olaraq davamlı addımların atılmasını, iqtisadi islahatların dərinləşdirilməsini bir tələb kimi qarşıya qoyur.

Öncə iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi, sonra əldə olunan gəlirlər təyinatı üzrə xərclənərək qeyri-neft sektorunun inkişafına, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldildi. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hazırda dünyaya təkmil iqtisadi inkişaf, həmçinin dirçəliş modelini təqdim etməsini şərtləndirir. Bunun üçün tarixi Zəfərimizdən ötən 4 ildə azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa işlərinə diqqət yetirmək kifayətdir. Böyük Qayıdış Proqramının uğurlu icrası dövlətimizn siyasətində, o cümlədən iqtisadiyyatın aynası olan dövlət büdcəsindən ayırmalarda özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında «Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim» söyləyərək görülən işlərin miqyasının ölçüyəgəlməzliyini təsdiqlədi. Bildirdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. Hər ay, hər il onların sayı artacaq.

İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji potensialı gücləndirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq böyük imkanlarımızı göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Cənab İlham Əliyev çıxışında əsas olan bu məqamı da diqqətə çatdırdı ki, qurduğumuz dövlət, eyni zamanda, texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir. Çünki bu işləri görmək böyük peşəkarlıq tələb edir. Torpaqlarımızı azad edən kimi dərhal bərpa işlərinə başladıq. Hətta hələ 44 günlük İkinci Qarabağ müharibəsi bitməmişdi, Ağdərə rayonunda artıq yol infrastrukturu inşa edilməyə başlandı. «Əlbəttə ki, gələcək illərdə işlər daha sürətlə gedəcək» söyləyən cənab İlham Əliyev iqtisadi məsələlərə həsr olunan müşavirədə bildirmişdir ki, yaxın vaxtlarda gələn ilin büdcəsi Milli Məclisdə müzakirə ediləcək: «Əminəm ki, deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər və biz bunu təmin edəcəyik. Təbii ki, bütün bu işləri görmək üçün iqtisadi imkanımız olmalıdır.» Çağırışlar sırasında bu mühüm məqam da xüsusi yer tutur ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq, öz potensialımıza güvənməliyik.

Artıq Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir. Parlament gələn ilin büdcə layihəsini birinci oxunuşda qəbul etdi. 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulur. 2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat məbləğində nəzərdə tutulmuşdu. 2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılmışdı.

2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi də birinci oxunuşda qəbul olunub. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Təhlillər əsasında Azərbaycanın daim hədəfə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Cənab İlham Əliyev postmünaqişə dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bütün güclər də səfərbər edilib. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»

Cənab İlham Əliyev konkret tarix söyləməsə də bu günə qədər görülən işlər, söydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı göz qabağındadır. Bütün böyük infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyətimiz odur ki, 5 şəhərə və 4 kəndə keçmiş köçkünlər qayıtmışlar.

Göründüyü kimi, arxada qalan illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Bu, Azərbaycan dövlətinin, xalqının daim irəli baxmasına əsaslanır. Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. 2008-ci ildən başlanan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, həmçinin 2019-cu ilin sonlarından koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində Azərbaycanın təkmil təcrübəni nümayiş etdirməsi və ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarında da qeyd olunduğu kimi, az itki ilə çıxması da deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının prioritetliyini önə çəkərək bu çağırışı da etdi ki, iqtisadi islahatlar daha da dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Bu faktı da qeyd etmək yerinə düşər ki, həmin dövrdə həm koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə baxmayaraq Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın icrasını davam etdirdi və 2020-ci ilin dekabrın sonunda istifadəyə verildi. Təbii ki, bu, Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırmaq istəyi ilə yanaşı, eyni zamanda, iqtisadi imkanlarının göstəricisi idi.

Azərbaycanın bu gün nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması da hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir. Hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Dövlət başçısı İlham Əliyev çıxışlarında da Azərbaycan sabitliyin, normal biznes mühitinin mövcudluğunun yol açdığı uğurlardan da söhbət açır. Vurğulayır ki, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, - yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Cənab İlham Əliyev onu da bildirir ki, büdcə bizim imkanlarımızı əks etdirir.

Vətəndaş amili dövlət siyasətimizin əsasıdır. Bu, atılan addımlarda da özünün ayıdın ifadəsini tapır. 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Dövlət büdcəsinin sosialyönümlülüyü də bu sahənin prioritet olduğunu təsdiqləyir. Azərbaycanın hazırda sosial dövlət kimi tanınması bugünədək görülən işlərin, atılan addımların təqdimatıdır.

Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin qorunması insanların rifah halının yaxşılaşdırılmasına yönələn addımlarla müşayiət olunur. Daim bu reallıq diqqətə çatdırılır ki, neft və qaz ehtiyatları olan bir çox ölkələrin üzləşdikləri “neft lənətinə” düçar olmamağı bacardıq. Azərbaycan nefti inkişafa çevirdi, sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu.

Neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu, eyni zamanda, Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiqlənən «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)»dan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. İqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu hər zaman önə çəkən dövlət başçısı İlham Əliyev bu reallığı da xüsusi olaraq diqqətə çatdırır ki, əməkdaşlıq və sərmayə tarixi olmadan bugünkü nailiyyətlərimiz mümkünsüz olardı. Hazırda planlaşdırılan bütün işlər möhkəm bünövrəyə əsaslanır.

Son 21 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Paytaxt Bakıda, regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, infrastrukturun tamamilə yenilənməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşması iqtisadi inkişafımızın göstəriciləridir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, söyləyə bilərik ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi həm etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, yeni dostlar qazanmasında, həm də uzunmüddətli iqtisadi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Ölkəmiz öz resurslarına arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurub, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik Azərbaycana beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, uğurla, inamla müstəqil xarici siyasət apara bilsin.

İki həftə davam edən COP29 tədbiri Azərbaycanın malik olduğu imkanların təqdimatında, investisiyaların cəlbində əhəmiyyətli rol oynadı. Müzakirə olunan məsələlər, imzalanan sənədlər qarşıdakı dövrdə ölkəmizin investisiya cəlbediciliyini daha da möhkəmləndirməsində öz sözünü deyəcək. COP29 Azərbaycanın qarşısında yeni investisiyaların cəlbi üçün əlavə imkanlar açır. Xarici investorları cəlb edən hal təkcə ölkəmizdə yaradılan əlverişli sərmayə mühiti deyil, Azərbaycanın yaxın tezlikdə yaşıl enerjinin mühüm ixracatçısına çevriləcəyi, həmçinin digər mənbələrdən bu enerji növünün nəqlində tranzit əhəmiyyətidir. O da məlumdur ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Artıq müvafiq layihənin texniki-iqtisadi əsaslandırılması başa çatıb. Buna paralel olaraq, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi yaradılır. Azərbaycan, Qazaxıstan və Özbəkistan texniki şərtlərin hazırlanması və daha sonra Mərkəzi Asiyadan yaşıl enerjinin ölkəmizdən keçməklə Avropaya ixracı üçün birgə müəssisənin yaradılması barədə razılığa gəliblər. Tezliklə Qafqaz regionunun və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən layihənin texniki-iqtisadi əsaslandırma prosesinə başlanacaq. Bütün bunlar xarici, o cümlədən Qərbdən olan investorlar üçün olduqca cəlbedicidir. Azərbaycanın yaşıl enerji sferasında gördüyü işlər, həyata keçirdiyi fəaliyyət COP29 zamanı dünya ictimaiyyətinə, o cümlədən də xarici investorlara təqdim edildi ki, bu da ölkəmizə yeni sərmayə axınını təmin edəcək. 

Göründüyü kimi, Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün bütün imkanlar mövcuddur. Ölkəmizin malik olduğu imkanlar investisiya məkanı kimi qazandığı imicin daha da möhkəmləndirilməsinə stimul verir.

Yeganə Əliyeva, «İki sahil»