28 noyabr 2024 00:28
81

Odun üstünə benzin tökənlər

Qərb “binokl diplomatiyası” ilə yanaşı, Ermənistanın silahlandırılmasında da iştirak edir

Əsrlər boyu müstəmləkəçilik siyasəti yürüdən, 50-dən çox ölkənin ərazisini uzun illər işğal altında saxlayıb var-dövlətini talayan və milyonlarla insanı qətlə yetirən Fransanın bu gün demokratiyadan, insan haqlarından, beynəlxalq hüquq normalarından danışmağa haqqı yoxdur. Fransızların törətdikləri soyqırımları və müharibə cinayətləri tarixin səhifəsində qara, unudulmaz ləkədir və bu neokolonisalit siyasət bəşəriyyətin gələcəyi üçün böyük təhlükədir. Neçə illərdir demokratiya örtüyünə bürünən, dünyaya haqq-ədalət dərsi keçən Fransanın Azərbaycana qarşı ədalətsiz yanaşmasının şahidiyik.  İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Fransa  təcavüzkar Ermənistanı müdafiə etməkdə davam edir. Azərbaycanın daxili işlərinə müxtəlif yollarla qarışmağa  cəhd edən Fransa öz çirkin məqsədlərinə çatmaq üçün Ermənistandan istifadə edərək üçüncü ölkələr vasitəsilə təcəvüzkarı silahlandırır. Paris Hindistanın ardınca Yunanıstanı da bu prosesə cəlb edib. Yunan mediasının yaydığı xəbərlərə görə, Afina Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOR-M1” və “OSA” zenit kompleksləri göndərəcək. Bildirilib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. Bunun əvəzində rəsmi Afina İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək. Halbuki, iddia olunurdu ki, bu silahlar Ukraynaya təhvil veriləcək.

Yunanıstan tərəfi etiraf etməsə də, bu sövdələşmədə Fransanın əli var.

Hər zaman müstəmləkə siyasəti yürüdən bu ölkə  Cənubi Qafqazda da dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir. İkili standartların əsirinə çevrilən  Qərb qurumları isə Ermənistana əlavə silahların verilməsinə yenə də göz yumurlar.

Fransanın Ermənistanı silahlandırması, əslində birbaşa ermənilərdə revanşist hisslərin gücləndirilməsinə xidmət edir. Rəsmi Paris tərəfindən atılan bu cür məkrli addımlar iki ölkə arasında sülhün əldə edilməsinə əngəl törədir. Xatırladaq ki, bu, Fransanın ilk belə cəhdi deyil. Rəsmi Paris əvvəllər də bu siyasətini qapalı şəkildə - “humanitar yardım” adı altında davam etdrirdi.

Görünən odur ki, Qərb, xüsusən də Fransa Cənubi Qafqazda mövcud reallıqları qəbul etməyə tələsmir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir. Elə Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı(Aİ) Müşahidə Missiyası da bura daxildir. Məhz Fransanın təzyiqi ilə belə bir missiyanın Ermənistanda fəaliyyətə başladığı sirr deyil. Bu missiya Yelisey sarayından aldığı tapşırıq və tezislərə uyğun olaraq Azərbaycana qarşı çirkin bəyanat və addımları ilə yadda qalıb, fəaliyyətini dayandırmaq da istəmir. Missiya rəhbərinin müşaviri Marek Kuberski bildirib ki, mandatı 19 fevral 2025-ci ildə başa çatan missiyanın müddətinin uzadılması məsələsi hələ həll olunmayıb: “Qərar Brüsseldə Ermənistan hakimiyyəti və ictimai təşkilatlarla məsləhətləşmələrdən sonra Aİ-nin bütün 27 ölkəsinin iştirakı ilə hazırlanır”. O vurğulayıb ki, missiya mülki və silahsızdır, onun məqsədi sərhəddə təhlükəsiz mühitin yaradılması və tərəflər arasında etimadın möhkəmləndirilməsidir.

Elə 2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşəndə də dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Lakin sonradan göründü ki, Aİ-nin niyyəti tam başqadır.

Azərbaycan da bu missiya ilə bağlı narazılığını dəfələrlə ifadə edib. Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu məsələyə bir daha toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası Avropa müşahidəçilər missiyasının müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır.

Prezident “Buna nə ehtiyac var idi?”, - deyə sual edib: “2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya iki ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır". Göründüyü kimi, Aİ “binokl diplomatiyası” ilə yanaşı, Ermənistanın silahlandırılmasında da iştirak edir. Məsələn, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul edib. İrəvan anlamaq istəmir ki, növbəti dəfə çirkin və təhlükəli oyuna sürüklənir. Paşinyan hakimiyyəti artıq dərk etməlidir ki, silahlanma sadəcə Ermənistana yeni və daha böyük problemlər gətirməkdən başqa bir işə yaramayacaq.

Şəmsiyyə Əli qızı, “İki sahil"