28 noyabr 2024 08:28
127

Fransanın növbəti uydurması

BMT-nin İqlim Dəyişimələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP29) zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olduq. Yalandan özünü müstəqil media adlandıranların, “söz azadlığı”ndan dəm vuranların Azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrildiklərini bir daha gördük.  Təəssüf ki,  bu ənənə davam etməkdədir. Yəni,  bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir, cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir. Fransanın ARTE kanalında yayımlanan “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” adlı Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film bu qəbildəndir.

Bəri başdan qeyd edək ki, nə azərbaycanlılar, nə də türklər dünyanın heç bir xalqına, o cümlədən ermənilərə qarşı heç bir vəhşilik aktı törətməyib. Hayların uydurduqları  “soyqırımı”na gəldikdə isə  hələ indiyə qədər  bununla bağlı ortaya tutarlı fakt qoyulmayıb. Ermənistanın bu məsələ ilə bağlı arxivlərin açılmasını istəməməsi belə bir olayın olmamasını bir daha təsdiq edir. Təəssüf ki, erməni lobbisinin məkrinə uyan, onun pul kisələrinə sitayiş edən bəzi ölkələrin parlamentləri, həmçinin Qərb mediası hələ də qondarma “soyqırımı”nı gündəmə gətirməkdə, obrazlı şəkildə desək, şişirməkdə davam edir. Bu prosesdə bir daha göründüyü kimi, Makron Fransası öndə gedir. Məhz bu ölkə Cənubi Qafqazda gərginliyin davam etməsi üçün hər il “erməni soyqırımı” ilə bağlı bəyanatlar verir, Türkiyənin, həm də Azərbaycanın əsəblərini tarıma çəkməyə çalışır. Amma Türkiyə və Azərbaycan məkrli və hiyləgər erməni yalanlarının tutarlı faktlarla ifşa edərək onların iç üzünü bütün dünyaya göstərməkdədir. Artıq bütün dünyaya məlum olub ki, ermənilərin bu iddiası uydurmadır və əslində, onların özləri türklərə və azərbaycanlılara qarşı soyqırımı  törədiblər. Xatırladaq ki, 1919-cu ilin noyabr–dekabr aylarında və 1920-ci ilin yanvarında Hamazaspın, Njdenin, Dronun başçılıq etdikləri quldur dəstələri Qafan, Zəngilan, Mehri və Qubadlıda 200-dək kəndin günahsız dinc əhalisini tarixdə görünməmiş bir vəhşiliklə öldürüblər. 1918-ci ildə hayların Qubada, Bakıda, Şamaxıda, həmçinin ötən əsrin sonlarında Qarabağın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrimizdə törətdikləri kütləvi qırğınları da bura əlavə etsək, onların soyqırımı coğrafiyasının nə qədər geniş olduğunu görmək mümkündür.

Bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir ki, qeyd edilən “sənədli” film XXI əsrdə irqçiliyin, Azərbaycana qarşı nifrətin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir: “Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də rəsmi Parisin siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir”.

Yeri gəlmişkən, Fransanın  lap yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Belə ki, Fransa Əlcəzairdə, Vyetnamda, Cibutidə, Çadda, Qabonda, Tunisdə və digər ölkələrdə soyqırımları həyata keçirib. Təkcə bir faktı xatırladaq ki, fransızlar tərəfindən 1,5 milyon əlcəzairli  soyqırımına məruz qalıb. Şübhəsiz, Fransanın hələ də özünü insani dəyərlərə önəm verən ölkə kimi göstərməsi onun çirkin oyunbazlığından başqa bir şey deyil. Görünür, Ermənistan və Fransanın siyasətində soyqırımı oxşarlığı olduğu üçün Makron belə addımlar atır. Bəli, onları tarixən yürütdükləri və indi də davam etdirdikləri oxşar zorakılıq, kütləvi qəddarlıq, islamofob, türkofob, irqçi, antisemit siyasətləri birləşdirir.

Şübhəsiz, belə bir filmin nümayişi Fransanın həm də iki qardaş ölkənin, yəni Türkiyə ilə Azərbaycanın getdikcə genişlənən əməkdaşlığını, günbəgün möhkəmlənən qardaşlığını həzm edə bilməməsindən irəli gəlir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. 

Qvami Məhəbbətoğlu, “İki sahil”