İki il bundan əvvəl 22 dövlətin birləşdiyi Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasına (ƏXDR) səfəri zamanı bu ölkənin insanları üçün müqəddəs ocaq sayılan Şəhidlər Memorialını və Milli Mücahidlər Muzeyini ziyarət edərkən fransız jandarmlarının törətdikləri vəhşilikləri insanlığa sığmayan vəhşilik adlandıran Prezident İlham Əliyev bildirmişdir ki, beynəlxalq ictimaiyyət Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı heç zaman unutmamalıdır: «Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir.» 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi altında qalan Əlcəzairdə qətlə yetirilən 1milyondan artıq əlcəzairliyə qarşı törədilən vəhşiliklər insanlığa sığmayan ən dəhşətli vandallıqdır. Fransada azadlıq mücahidləri olan 1500 əlcəzairlinin öldürüldüyü «Sena qətliamı» qana susayan Fransanın müstəmləkə altında saxladığı xalqlara qarşı trətdiyi qəddarlığın bir epizodudur. Qətlə yetirdikləri insanların kəllə sümüklərini eksponat kimi saxlayan, şəhidlərin ruhuna belə hörmət qoymayan fransızlardan daha qəddar olan, Xocalı soyqırımı zamanı azərbaycanlıları ağlagəlməz vəhşiliklə qətlə yetirən, kütləvi məzarlıqlarda basdıran erməniləri fransızlarla birləşdirən motivlər fərqli olsa da, mahiyyət eynidir: Qana hərislik, insanlığa nifrət!
Müstəmləkə altında saxladığı xalqlara qarşı neokolonial siyasətini XXI əsrdə belə davam etdirən Fransa Prezidenti Emmanuel Makron bu gun də bəşəri cinayətin ən ağır forması olan insanlığa nifrət əməllərindən çəkinmir.
Bu baxımdan Fransanın «ARTE» kanalında «Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər» kimi böhtan və iftiralarla dolu sənədli film yayımlaması «Adımı sənə qoyum, səni də yana-yana qoyum» məsəli ilə eynilik təşkil edir.
Azərbaycanda uğurla keçirilən COP29 zamanı ölkəmizə qaşı təxribatlarını intensivləşdirən Qərb mediasına başçılıq edən Fransanın bu cür iftira və böhtanlarının dəfələrlə şahidi olmuşuq. Özlərini demokratik ölkə hesab edərək guya söz azadlığının qorunduğu məkan kimi tanıdan, müstəqil media tərəfdarı adlandıran Fransanın, Almaniyanın «ARTE» kimi ermənipərəst kanalları Azərbaycanofob, islamofob siyasəti yeridən dairələrin əlində siyasi alətə çevrilib.
Qeyd edilən üzdəniraq sənədli film XXI əsrdə irqçiliyin, Azərbaycana qarşı nifrətin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Bu cür yalanlarla Azərbaycanı hədəfə alan Yelisey Sarayına yaxın ermənipərəst mediaların, Fransanın Ermənistandakı səfirinin davamlı anti- Azərbaycan yalanları bu ölkəni hörmətdən salmaqla rəsmi İrəvanın revanşist dairələrini də yeni müharibəyə həvəsləndirir. Fransa Prezidenti Makronun Azərbaycanı hədəfə almaqla illərdən bəri törətdiyi qanlı faciələri ört-basdır etmək cəhdləri boş şeydir. Makron elə hesab edir ki, bu yolla kütləvi qırğınlarını arxa plana çəkə biləcək. Onun sifarişi ilə Fransa KİV-lərində Türkiyəni və Azərbaycanı ermənilərə qarşı soyqırımı və digər cinayətlər törətməkdə ittiham etməsi faktına ən layiqli cavab Prezident İlham Əliyevin Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazdığı sözlərdir: «Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.»
XXI əsrdə belə beynəlxalq ictimaiyyət ən amansız cinayət olan Fransa kolonializminə, müstəmləkəçilik siyasətinə açıq- aşkar şahidlik edir. Sərhədlərindən minlərlə kilometr aralıda yerləşən Yeni Kaledoniyada , Mayot adalarında, Fransız Qvianasında və digər müstəmləkələrində insanların milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğan Fransanın özünü «insan hüquqlarına hörmət edən demokratik ölkə» adlandırması tülkünün həccə getməsi misalını xatırladır.
Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır, həmin ərazilərdə fövqəladə vəziyyət elan olunur, etirazçılara polis dəynəkləri ilə təzyiq göstərilir. İnsanlar həbs edilir. Xatırladaq ki, Yeni Kaledoniyada həbs olunanlar arasında hərəkatın lideri Kristian Tenlə yanaşı, Brenda Vanabo, Frederique Muliava, Guillaume Vama, Joël Tjibaou, Yeva Vaetheane, Stev Une, Dimitri Tein Qenegei, Gilles Joredie var. Öldürülən şəxslər isə Rok Viktorin Vamytan və Nasaie Daoukadır.
Bu kimi antidemokratik hallara səssiz qalan beynəlxalq təşkilatlarda, Qərbin ruporu olan islamofob medada Azərbaycan və Türkiyə haqqında əsası olmayan feyk informasiyaların yayılması Avropa ölkələrində sistematik aparılan təxribatlardır. Yeni Kaledoniyanın paytaxtı Numea aksiyalarında azı 3 yerli kanak gəncinin öldürülməsi, yüzlərlə kanaklının isə həbsə atılması faktını gizlədən «artelər» insani dəyərləri heçə sayan siyasiləşmiş mediaya yamaq kanallardır. Fransa Prezidenti Emmanuel Makronun öz ölkəsində olduğu kimi bu əraziləri də əsarətdə saxlaması, etirazçıların haqq səsini boğması, «Qırıcı təyyarələrimizi 48 saat ərzində Yeni Kaledoniyada yerləşdirə bilərik» kimi təhdidlərlə insanları qorxutması demokratiyaya uyğun çağırış deyil. Fransanın törətdiyi cinayətləri görməzdən gələn Qərbin digər dairələri Makronla oxşar dəyərləri bölüşdüyü üçün neokolonializmin törətdiyi cinayətlərə səssiz qalmağa üstünlük verir. Bu iyrənc dəyərlər isə bütövlükdə Avropada kritik həddə çatan islamofobiya, ifrat sağçılıq, türkofobiyadır.
Hazırda Avropada miqrantlara qarşı sərt qərarlar qəbul edilir, onların kütləvi şəkildə deportasiyası həyata keçirilir. Belə ki, Fransanın kolonial hakimiyyətini dəstəkləyənlər Makrona haqq qazandırmaları təbiidir. Deyildiyi kimi, «Xanım sındıran qabın səsi çıxımaz.» Ermənistanı silahlandırmaqla Erməni revanşistləri Azərbaycana qarşı müharibəyə sövq edən Fransa üçün qanlı qırğınlar təbii haldır.
Xuraman İsmayılqızı, «İki sahil»