Ermənilər arasında “Himnadram” kimi də tanınan “Hayastan” Ümumerməni Fondu“Sənin üçün, Ermənistan”adı altında 27-ci Telemarafonunda bugünədək 15 milyon 302 min ABŞ dollarına yaxın vəsait toplayıb
Bir neçə gündür “Hayastan” Ümumerməni Fondu “Sənin üçün, Ermənistan” adı altında 27-ci Telemarafon keçirir. 10-dan çox ölkədən ermənilərin qatıldığı telemarafon sayəsində bugünədək 15 milyon 302 min ABŞ dollarına yaxın vəsait toplanıb. Ən çox vəsait ABŞ-da toplanıb - 7 milyon 700 min dollar. Fransada - 3 milyon 430 min dollar. Ermənistanda – 1 milyon 218 min dollar. Yardımların əsas hissəsinin guya Azərbaycanla həmsərhəd ərazilərdə yaşayan, Qarabağdan köçən ermənilərin su, yol və digər məişət tələbatına xərclənəcəyi deyilsə də, əslində isə bu əhalinin nə yol, nə də içməli və suvarma suyu problemi var. Həmin ərazidə yerləşən hər kənddə onlarla bulaqlar, su çeşmələri və çaylar var. Yollar da normal kənd yollarıdır. Həmin təyinat adı altında vəsaitlərin Ermənistanın silahlanmasına xərclənəcəyi ehtimalları böyükdür. Əvvəllər “Hayastan” fondu yığılan vəsaiti əsasən Qarabağda separatçılara yönəldirdisə, çox güman ki, bundan sonra toplanan vəsaitlər Ermənistanın silahlanmasına yönəldiləcək. Lakin anlaşılmır ki, Ermənistan kimdən müdafiə olunmaq fikrindədir. Axı Azərbaycan hökuməti müharibəyə yox, sülhə hazırlaşır.
Ümumiyyətlə, ermənilər arasında “Himnadram” kimi də tanınan “Hayastan” Ümumerməni Fondu 1992-ci ildə yaradılıb və beynəlxalq erməni diasporunu öz doğma ölkələri ilə əlaqələndirmək məqsədi daşıyır. Təşkilatın mövcud olduğu müddət ərzində təxminən bir milyon Ermənistan vətəndaşı toplanmış 400 milyon dollara yaxın vəsaitdən bu və ya digər şəkildə istifadə edib. “Himnadram” söz verdiyi kimi 2020-ci ilin payızında ölkə qonşusu Azərbaycanla münaqişəyə girdiyi zaman Ermənistanın köməyinə gəldi. Fond qlobal telemarafonlar vasitəsilə 200 milyon dollardan bir qədər az vəsait toplayıb tarixinin ən uğurlu illərindən birini yaşadı. ABŞ, Avropa, Avstraliya və dünyanın digər yerlərindən 750 minə yaxın insan Azərbaycana qarşı müharibədə ermənilərə yardım etmək üçün fonda pul verdi. Fondun nizamnaməsində Ermənistan hökumətinin birbaşa vəsait alıcısı ola bilməyəcəyi açıq-aydın göstərilsə də, toplanan məbləğin təxminən 60 faizi “təcililik” səbəbindən birbaşa dövlət büdcəsinə köçürüldü. Müharibə bitəndə isə emosional yüksəliş öz yerini rasionallığa verdi və donorlar 200 milyon dolların necə və hansı formada xərcləndiyini öyrənmək istədilər. Müharibədən sonrakı erməni siyasi mühitində bu məsələ sadə maraq dairəsi sərhədlərini aşdı və yalnız siyasi şantaj adlandırıla biləcək bir məsələyə çevrildi. Ermənistanın hazırkı hökuməti siyasi rəqibləri, xüsusən də keçmiş prezident və “Himnadram” idarə heyətinin üzvü Robert Koçaryan tərəfindən maliyyə vəsaitlərini israf etmək və mənimsəməkdə ittiham olundu. Mübahisəyə son qoymaq üçün Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan “Himnadram”dan müstəqil yoxlama tələb edib və yoxlama zamanı pozuntu aşkar edilərsə, bütün ianələri geri qaytarmağı təklif etmişdi. Bununla belə, yekun yoxlamanın məzmunu hələ də ictimaiyyətə açıqlanmayıb.
Fondun fəaliyyəti ilə bağlı uyğunsuz hallar kifayət qədərdir. Fondun 2013-cü ildə keçirdiyi illik telemarafondan sonra məlum oldu ki, Qarabağda Ermənistanın dəstəklədiyi separatçı rejim üçün dəbdəbəli xidməti avtomobillər alınıb, həmçinin bu rejimə bağlı şəxslərin şəxsi bank kreditləri ödənilib. Bundan əlavə, “Himnadram”ın digər bir icraçı direktoru Ara Vardanyan 2018-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən mənimsəmə və vəsaitdən sui-istifadədə şübhəli bilinərək həbs edilib. MTX-nin məlumatına görə, Vardanyan onlayn-qembling (qumar oyunları) üçün “Himnadram”ın 20 milyon dram (təxminən 41 500 dollar) limiti olan kredit kartından istifadə etdiyini etiraf edib. O, sonradan kredit kartı hesabını ianə edilmiş pullarla doldurub. Daha sonra öz ifadəsində Vardanyan bildirib ki, o, çatışmayan pulları ört-basdır etmək üçün şəxsi pullarından istifadə etməli olub. Demək ki, burada potensial çirkli pulların yuyulması məsələsi də var. İllik 300 milyon dollarlıq qara bazara sahib, dünyanın vergidən yayınan ölkələri sırasında ilk pillələrdə olan Ermənistan və onilliklər ərzində beynəlxalq inspeksiyanın mümkün olmadığı leqal boz zona olan Qarabağ uzun müddət “Himnadram”ın geniş və mürəkkəb çirkli pulların yuyulması şəbəkəsi üçün etibarlı sığınacaq olub. Unutmamaq lazımdır ki, “Himnadram”ın on altı ölkədəki filialları xeyriyyə təşkilatının bir hissəsi olduqları üçün vergilərdən azaddırlar. Uzun illər ərzində bəzi erməni oliqarxları bu vergisiz statusdan geniş istifadə ediblər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan, lakin 2020-ci il müharibəsinə qədər Ermənistan hərbi qüvvələrinin nəzarət etdikləri Qarabağ bölgəsi Kim Kardaşyan və Serj Tankyan kimi məşhurların da fəal şəkildə dəstəklədiyi “Himnadram”ın otuz illik fəaliyyətinin mərkəzində dayanıb. 1994-cü ildə Ermənistanın Birinci Dağlıq Qarabağ müharibəsində qələbəsindən sonra müharibə dövründə arxa cəbhə təminatında çoxsaylı çətinliklərlə üzləşən erməni silahlı qüvvələri nəzarətləri altında olan ərazilərdə ilk növbədə hərbi təyinatlı yolların tikintisinə başladılar. Həmin yolların əksəriyyətini məhz “Himnadram” maliyyələşdirdi: fondun ikinci, üçüncü, beşinci, altıncı, yeddinci, on altıncı və on yeddinci telemarafonlarının hamısı yol tikintisi üçün vəsait toplamağa həsr olunmuşdu və bununla təxminən 67 milyon dollar toplanmışdı. “Himnadram”ın Qarabağdakı fəaliyyəti təkcə yol tikintisi ilə məhdudlaşmır. Fond “Qarabağ kəndlərinin məskunlaşdırılması” layihəsi çərçivəsində Azərbaycanın həmin vaxt işğal altındakı ərazilərinə qanunsuz köçürülməyə sponsorluq edib. Xüsusilə azərbaycanlıların tarixən məskunlaşdıqları yerlərdə erməni əhalinin yenidən məskunlaşdırılması cəhdlərinin həyata keçirilməsi onu göstərirdi ki, layihənin məqsədi evsizləri yaşayış yeri ilə təmin etməkdən daha artıq olub: məqsəd azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq, ərazidə yeni demoqrafik vəziyyət yaratmaq idi.
Sevinc Azadi, “İki sahil”