Federal hökumət bu təşkilatı maliyyələşdirib və layihə rəhbərliyini təyin edib
Danılmaz faktdır ki, öz geosiyasi maraqlarına görə dünyanın ayrı-ayrı bölgələrində, eləcə də Cənubi Qafqazda xaos, qeyri-sabitlik, qarşıdurma yaratmaq istəyən ABŞ uzun illərdən bəri yaratdığı USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi təşkilatlardan ayrı-ayrı ölkələrin siyasi hakimiyyətlərinə qarşı təzyiq vasitəsi kimi istifadə edib. Bütün bunlar təkzibolunmaz dəlillərlə sübut olunub.
Bu günlərdə Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə araşdırması nəticəsində Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi-OCCRP-nin mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramı ifşa edilib. Nəşrlər təməlli araşdırmalar apararaq ciddi faktlar və sənədlər əsasında sübut ediblər ki, Ağ Ev OCCRP-dən öz rəqiblərinə qarşı silah kimi istifadə edib. Məlum olub ki, bu təşkilat əsasən ABŞ və bir sıra Avropa ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilib.
Hələ ötən ilin noyabrında yazmışdıq ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ayrı-ayrı bölgələrdə və ölkələrdə öz planlarını həyata keçirmək üçün “yüksək peşəkarlıqla” araya- ərsəyə gətirdiyi belə təşkilatları daim önə verib. Bu qurumlar, daha doğrusu, məkrli təxribat maşınları müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, cəmiyytdə qeyri-sabitlik, qarşıdurma, çevriliş, xaos yaratmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər.
Gəlin faktlara diqqət edək. Araşdırmalar nəticəsində müəyyən olunub ki, 2014-2023-cü illərdə OCCRP-in xərclədiyi vəsatin 52 faizi ABŞ Federal hökuməti tərəfindən təmin olunub. Həmçinin “Panama sənədləri”, “Pandora sənədləri” kimi səsli-küylü ifşaları ilə tanınan bu təşkilatın yaradıldığı 2008-ci ildən bu günə qədər Ağ Ev müstəqil qeyri-kommersiya redaksiyasına ən azı 47 milyon dollar ayırıb. ABŞ Federal hökuməti bu quruma əlavə 12 milyon dollar ayırmağı öhdəsinə götürüb. Araşdırmalardan o da bəlli olub ki, Böyük Britaniya, Fransa, İsveç, Danimarka, Niderland bu təşkilata son 10 ildə azı 15 milyon dollar məbləğində vəsait ödəyiblər. Yeri gəlmişkən, OCCRP-in Direktorlar Şurası bu araşdırmanı aparan nəşrlərə verdiyi açıqlamada əsas sponsorlarının ABŞ hökuməti olduğunu təsdiqləyiblər.
“Başa düşürük ki, ağıllı insanlar bunu pis ideya hesab edə bilərlər, xüsusilə ona görə ki, bu, ABŞ jurnalistikasında adi hal deyil (hərçənd Avropada və digər ölkələrdə jurnalistikaya dövlət dəstəyi geniş yayılmış haldır). Bu məsələ illər əvvəl OCCRP-nin yaradılması zamanı ətraflı müzakirə edilmişdi. O zamankı Direktorlar Şurası-o cümlədən Şurada qalan, jurnalist və rəhbər kimi şəxsi reputasiyası qüsursuz olan bir neçəmiz OCCRP-nin bu maliyyə dəstəyi ilə apara biləcəyi jurnalist araşdırmaları naminə bu məsələdə güzəştə getməyin mümkünlüyünə qərar vermişdik. Əminik ki, nə hökumət, nə də donorlar OCCRP-nin reportajlarına redaksiya nəzarəti həyata keçirib”, - Direktorlar Şurası qeyd edib.
Eyni zamanda OCCRP rəhbərliyi araşdırmaların bir sıra ölkələrin siyasi rejiminə təsirindən qürur duyur. “Biz yəqin ki, təxminən beş-altı ölkədə hökumət dəyişikliklərində iştirak etmişik” deyən qrup rəhbəri Deyu Sallivan Bosniya və Herseqovina, Qırğızıstan, Çexiya və Monteneqronun adını çəkib.
Araşdırma nəticəsində məlum olub ki, həm ABŞ Dövlət Departamenti, həm də USAID rəsmi olaraq OCCRP-nin fəaliyyətinə müdaxilə etməsə də, maliyyə müəyyən şərtlərlə təmin olunur. O cümlədən federal hökumət yüksək rütbəli işçilərin, eləcə də yüksək səviyyəli redaksiya heyətinin təyin edilməsinə, illik iş planına veto qoya bilər. Bu təşkilatın əməliyyatlarını kurasiya edən USAID-in əməkdaşı Şennon Maquayr bildirib ki, OCCRP əsas heyəti dəyişməli olsa, məsələn, qrup rəhbəri Deyu Sallivanı dəyişmək istəsə, onlar CV ilə sorğu göndərirlər və biz onu nəzərdən keçirib razılıq veririk”.
Yeri gəlmişkən, ABŞ üçün OCCRP layihəsi ayrı-ayrı hökumətlərin fəaliyyətlərini araşdırmaq baxımından demək olar nümunəvidirsə, o zaman Vaşinqtonun OCCRP ilə paralel olaraq böyüyən “Wikileaks” layihəsinə münasibətini xatırlamağa dəyər. Araşdırmada qeyd edilir ki, “Wikileaks” 2006-cı ilin oktyabrında yaradılıb və artıq 2008-ci ilin martına qədər ABŞ ordusu xəbər təşkilatının ordu qüvvələrinin mühafizəsi, əks-kəşfiyyat, əməliyyat təhlükəsizliyi və informasiya təhlükəsizliyi üçün potensial təhlükə yaratdığı qənaətinə gəlib. 2010-cu ildə “Wikileaks” ABŞ-nin İraqdakı hərbi cinayətinin sübutu olan “Girov cinayəti” videosunu, daha sonra isə “Əfqan müharibə jurnalları”, “İraq müharibəsi jurnalları”, ardından noyabr ayında isə “Keyblgeyt”i-Dövlət Departamentinin minlərlə daxili kabel ismarışlarını paylaşıb.
Elə həmin zaman “Amazon”, “PayPal”, “Bank of America”, “Visa”, “Mastercard” və “Western Union” ABŞ hökumətinin təzyiqi ilə “Wikileaks”i öz xidmətlərindən ayıraraq, təşkilatı iflic vəziyyətinə salmağa çalışdı. Culian Assanj özünə sığınacaq axtarmalı oldu. Nəticədə 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınmalı oldu.
OCCRP-in Amerika milyarderlərinin ofşor zonalarda fəaliyyətini araşdırmaması da real gerçəklikdir. Qlobal xəbər təşkilatı ilə birgə layihələr üzərində işləmiş Latın Amerikasında ən məşhur baş redaktorlardan biri “Drop Site News”a bildirib: “OCCRP-nin ABŞ hökumətinə faydalı olması üçün onlara hər hansı məlumat təqdim etməsinə ehtiyac yoxdur. Bu, ABŞ-dan kənarda araşdırmalar aparan “təmiz əllər” ordusudur”.
Sponsorlar və həmkarları ilə münasibətləri qorumaq üçün anonimlik tələb edən baş redaktor bildirib ki, bu, həmişə başqa insanların korrupsiyasıdır: “Siz ABŞ hökumətindən antikorrupsiya işlərinə görə pul alırsınızsa, bilirsiniz ki, sizi təmin edən əli dişləsəniz, daha pul gəlməyəcək. Hətta ABŞ hökumətinin pulunu almaq istəməsəniz belə, ətrafınıza baxırsınız və görürsünüz ki, demək olar hər bir böyük xeyriyyə fondu hansısa təşəbbüsdə onlarla əməkdaşlıq edib və ya edir. Bu isə elə təəssürat yaradır ki, siz də belə əlaqələrlə jurnalistika üçün maliyyə vəsaiti əldə edə bilərsiniz. Amma həqiqət orasındadır ki, bəzi redaksiyalarda təsirin nə qədər güclü olduğunu bilmirik”.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, OCCRP-in əsas məqsədinin ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdim olunması bu təşkilatın rəsmi Vaşinqtonun xarici siyasətində təsir rıçağı rolunu oynamasını bir daha təsdiq edir. O da danılmaz faktdır ki, məlum güc mərkəzləri geosiyasi maraqları naminə davamlı olaraq ayrı-ayrı ölkələrin daxili məsələlərinə müdaxilə edir, məkrli planlarını bu üsullarla reallaşdırırlar. OCCRP-in daim Cənubi Qafqazı, eləcə də Azərbaycanı əsas hədəf kimi seçməsinə, daxili işlərə qarışmasına, əsasən erməni maraqlarının müdafiəçisi kimi çıxış etməsinə, USAID-in ermənipərəst rəhbəri Samanta Pauer tərəfindən “tərəfdaş qurum” hesab edilməsinə, hazırda OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayrin kurasiya etməsinə də bu kontekstdən baxmaq lazımdır.
Yeri gəlmişkən, OCCRP Azərbaycanla bağlı “araşdırmalarında” bir müddət jurnalist Xədicə İsmayıldan da vasitə kimi istifadə edib. Sirr deyil ki, X.İsmayıl əslində bu təşkilatın sifarişini yerinə yetirib. O da məlumdur ki, bu jurnalist xanım aldığı pulların müqabilində hətta dərc olunan müəyyən materiallarda yalnız imzasının istifadəsinə razılıq verib. OCCRP iqlim dəyişmələri ilə bağlı tədbirlər zamanı ABŞ Dövlət Departamentindən aldığı sifarişləri yerinə yetirərək öz çirkin fəaliyyətini davam etdirib. “Vaşinqton Post”, “Qardian”, “CNN” kimi media orqanları da bu çirkli və çirkin oyunda infrormasiya təminatçıları kimi çıxış ediblər.
Zahid Rza, “İki sahil”