“Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” konfransının keçirilməsi mühüm önəm kəsb edir. Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi bu konfransda iki gün ərzində bütün tarixi reallıqlar və hüquq müstəvidə atılacaq addımlar müzakirə olunmuşdur. Sözsüz ki, Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq birlik tərəfindən tanınmasına, müdafiəsinə nail olmaq üçün bu kimi konfransların keçirilməsi daha təsirlidir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Millət vəkili Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində toxunduğu məqamlardan bəhs edib: “Müraciətdə dünyada 120 milyondan çox insanın məcburi köçürülmə problemi ilə qarşılaşdığı və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həllinin mümkünsüzlüyü önə çəkilmişdir. Vurğulanmışdır ki, Azərbaycan xalqı ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıb. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıb. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilib”.
Deputat bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulub. Dövlətimizin başçısı, eyni zamanda, tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscidin salamat qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir. Amma Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir. Cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə vermiş olduğu böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir”.
Sevinc Hüseynova vurğulayıb ki, XX əsrin əvvəllərindən Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilmiş soydaşlarımızın hüquqları bərpa olunmalıdır: “Vaxtilə zor gücünə öz ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından deportasiya edilən, mənəvi, fiziki-psixoloji təzyiqə, işgəncələrə, kütləvi qətliamlara məruz qalan soydaşlarımızın haqları yerdə qala bilməz. Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların doğma torpaqlarına qayıdışı onların hüququ və mənəvi haqqıdır. Ona görə də, indiki Ermənistan hakimiyyəti beynəlxalq hüquqa əməl edərək Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışını təmin etməlidir”.