06 dekabr 2024 23:31
530

Tarix radikal müxalifəti məğlubiyyətə və rəzalətə məhkum edib

“Aşığın sözü bitəndə dalay-dalay deyər”. Uzun illərdən bəri öz antimilli mövqeləri ilə cəmiyyətdən ayrı düşərək marginallaşan “baş cəbhəçi” Əli Kərimlinin də sözü bitdiyindən sosial şəbəkə seqmentlərində “Abzas Media” deyib yaxa yırtır. AXCP sədri son zamanlar bəzi məkrli xarici dairələrin tapşırıq, sifarişlərini canla-başla yerinə yetirərək uzun illərdən bəri ölkəmizin əleyhinə apardığı “qara piar” kampaniyasının miqyasını daha da genişləndirib.

Qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycanın müstəqil siyasət yeritməsini, bölgədə söz sahibinə çevrilməsini həzm edə bilməyən bəzi məkrli Qərb dairələrinin “ev tapşırığı”nı yerinə yetirən Ə.Kərimli özü də yaxşı bilir ki, həmin “Abzas Media”çılar təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatların nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla təmasda olublar. Həmin qurumların ölkəmizə qarşı çirkin planlarının tərkib hissəinə çevrilən “Abzas Media”nın rəhbərləri saytın yerləşdiyi ofisə yaxşı icarə haqqı ödəyib. Öz işçilərinə əməlli-başlı əmək haqqı verib. Redaksiyanı yüksək səviyyədə texniki avadanlıqlarla təhciz edib.

Heç kimə sirr deyil ki, Avropa Parlamentindəki erməni pulları ilə yemlənənlər qırx dörd günlük müharibədə tarixi Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycanın müstəqil xarici siyasət yürütməsini həzm edə bilmədiklərindən ölkəmizə qarşı bu cür aqressiv və qərəzli münasibət bəsləyirlər. Məlum qərəzkar dairələrin yemlədyi, ifrat dərəcədə əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən Əli Kərimlinin və onun başıpozuq dəstəsinin son günlər “You Tube” və “Facebook”da  “fəallaşmaları”, haray-həşir salmaları heç də təsadüfi deyil. Əslində ləyaqətini, reallıq hissini və insanlıq duyğusunu çoxdan itirərək bəzi məkrli xarici dairələrin buyruq quluna çevrilmiş, vicdan, məntiq və şərəf yoxsulu olan bu marginallar üçün “Abzas Media” ilə bağlı baş verənlər bir bəhanə olduğu kimi, həm də bir fürsətdir. Sual oluna bilər: Niyə? Niyəsi odur ki, öz şəxsi mənfəətləri naminə milli maraqları, müqəddəs dəyərləri ayaqlar altına atan bu satqınlar hesab edirlər ki, qrant adı altında birbaşa və dolayısı ilə aldıqları çirkli pulların müqabilində öz xarici ağalarının sifarişlərini yerinə yetirmək üçün çox “əlverişli” bir şərait yaranıb. Ancaq bunlar bir fayda verməyəcək. Çünki bu gün hamı yaxşı bilir ki, kölə xislətli, zombiləşmiş Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Qənimət Zahid, Sevinc Osmanqızı kimi merkantillər milli və dövlət maraqlarından daha üstün tutaraq maliyyələşdikləri anti-Azərbaycan dairələrin sifarişlərini, necə deyərlər, canla-başla yerinə yetirirlər.

Korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi qaçılmaz prosesə çevrilib. Bu qaragüruhçuların hazırda Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum, orduxan teymurxanlarla, məhəmməd mirzəlilərlə, tural sadıqlılarla sıx işbirliyi içərisində olmaları da hamımıza məlumdur.

Açığını deyək, hamımız yaxşı bilirik ki, başda AXCP olmaqla dağıdıcı müxalifət düşərgəsi Azərbaycan siyasi arenasında öz mahiyyətini, dəyərini çoxdan itirib. Sadəcə olaraq bu düşərgənin təmsilçiləri dərk etmirlər ki, artıq dövr də, vəziyyət də tamamilə dəyişib. Mövcud faktları qəsdən təhrif etməklə cəmiyyəti aldatmaq olmaz. Ən əsası da odur ki, dövlətçiliyimizə, müstəqilliyimizə müxalifətdə olan dağıdıcı müxalifəti, antimilli ünsürləri tarix əbədi məğlubiyyətə və rəzalətə məhkum edib…

Zahid Rza, “İki sahil”