06 dekabr 2024 22:51
529

Gənc nəslin tərbiyəsi gələcəyimizin təmin edilməsi deməkdir

Dövlət başçısı İlham Əliyev Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətində bir daha bu əminliyi ifadə etdi ki, gənclər milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatlarının amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklər

«Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.» Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bu çağırışı edir ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir. Belə müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı biliklər, qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə çox böyük önəm daşıyır. Bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük.

Ulu Öndər Heydər Əliyevin «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» çağırışı bu gün də gənclərin fəaliyyətinin əsasında dayanır. Gənclərə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan sərəncamlar əsasında Dövlət proqramları qəbul edildi. Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real addımları ilə təsdiqləyir. Dövlətimizin başçısının sərəncamları əsasında təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı»na uyğun olaraq gənclərin xarici ölkələrdə təhsil almaları üçün geniş imkanlar yaradıldı. 2007-ci il ölkəmizdə «Gənclər ili» elan olundu. Ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni nəslin fəal iştirakı üçün önəmli kadr islahatı həyata keçirildi, gənc istedadlara dövlət qayğısı artırıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının qəbulu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslarla davamının sübutudur. «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nın, «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının təsdiq olunmasına dair sərəncamların imzalanması gənclərlə bağlı məsələlərin həllini aktuallaşdırdı.

Gənclərin fiziki sağlamlığını təmin edən idmana kütləvi marağın artırılması ilə Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Bu gün respublikamızda inşa olunan 40-dan artıq Olimpiya İdman komplekslərində gənclərimiz idmanın bütün növləri üzrə püxtələşirlər. Beynəlxalq yarışlarda Azərbaycan gənclərinin qazandıqları nailiyyətlərin sayı ildən-ilə artır. Birinci Avropa Oyunlarında Azərbaycanın milli komandasının ikinci, IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri qazanması idmana artan marağın təzahürüdür.

Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. «Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, gənclər qətiyyətli olmalıdırlar.

Azərbaycan gəncliyi elmi-texniki tərəqqinin sürətli inkişaf etdiyi müasir dövrümüzdə bütün sahələrdə özünü təsdiqləyir. Onlar zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği istiqamətində mühüm addımlar atırlar. Yeni nəslin üzərinə düşən vəzifələri «Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır» fikirləri ilə açıqlayan Prezident İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyən gənclər onlara göstərilən etimadı yüksək səviyyədə doğruldurlar.
Prezident İlham Əliyev bildirir ki, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən gənclər qürur mənbəyimizdir.

Azərbaycan gəncliyi təşəbbüskarlığı ilə də cəmiyyətdə böyük etimad qazanmışdır. Birinci Avropa Oyunlarında yaranan könüllülər hərəkatının üzvlərinin bacarıqları, istedadları, dövlətinə, xalqına bağlılıqları qonaqları, idmançıları heyrətləndirdi. Qonaqlar bu hərəkat haqqında öz ölkələrində mətbuat səhifələrində xoş sözlər söyləyərək, dünya təcrübəsində ilk olan bu təşəbbüsü Azərbaycan gəncliyinin bitib-tükənməz potensialı adlandıraraq nümunə göstərdilər. Prezident İlham Əliyevin «Könüllülərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdilər ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, «qara qızıl»ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir» fikirləri vətənpərvər gənclərimizə verilən dəyərdir. Daim qayğı ilə əhatə olunan gənclərə diqqətin bir nümunəsi də Prezident İlham Əliyevin Sərəncamına əsasən 2020-ci ilin «Könüllülər ili» elan olunması idi. Həmin sənəddə də bu məqamlar xüsusi qeyd edilmişdir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılır, normativ hüquqi baza təkmilləşdirilir, dövlət dəstəyi mexanizmləri formalaşdırılır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrildi, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etdi, gənclərimizin həyat tərzinə çevrildi. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yarandı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşdı. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, ölkəmizdə «Eurovision-2012» mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar.

Azərbaycan gəncliyini gələcəyimiz üçün etibarlı təməl adlandıran Prezident İlham Əliyev əminliklə söyləyir ki, könüllülər artıq cəmiyyətdə öz layiqli yerlərini tutublar. Birinci Avropa Oyunlarından sonra könüllülər hərəkatının növbəti ünvanı «ASAN xidmət» oldu. Azərbaycan brendi olan və coğrafiyası günbəgün genişlənən «ASAN xidmət»lərdə, ABAD, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində diqqət çəkən könüllülər xeyirxahlıqları, yeni davranış qaydaları ilə Azərbaycan gəncliyinin simasını təbliğ edirlər. Bu mərkəzlərə müraciət edən vətəndaşlar onları maraqlandıran prosedur qaydaları haqqında ilk məlumatı elə könüllülər vasitəsilə əldə edirlər.

Vətən, torpaq uğrunda ölümə getməyə hazır olduqlarını 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 44 günlük İkinci Qarabağ müharibəsində, bir günlük antiterror tədbirlərində təsdiqləyən Azərbaycan gəncləri dünyanın hərb tarixinə yeni səhifələr yazdılar. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyən gənclərimiz 27 sentyabr 2020-ci ildən başlayaraq 44 gün ərzində ermənilərə heç vaxt unutmayacaqları məğlubiyyət dərsini verdilər. Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən başlanan Vətən müharibəsinə azadlıq uğrunda mücadilə kimi qoşulan gənclərin sayı-hesabı yox idi. Silahlı Qüvvələrimizin müxtəlif təyinatlı hissələrində xidmət edən əsgər və zabitlərimizlə birgə düşməni məğlub edən könüllü gənclərimiz Vətənin çağırışına səs verərək qəhrəmanlıq dastanlarını yazdılar.

2003-cü ildə Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyevin «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» inamını real addımları ilə təsdiqləyən cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!» Düşmənin 30 ildə tikdiyi ən keçilməz istehkamları belə cəsarəti ilə dağıdan əsgərlərimizin azad edilmiş ərazilərdə ucaltdıqları üçrəngli bayraqların hər biri Ali Baş Komandana qalibiyyət raportu idi. Bütün dünya ictimaiyyəti Prezident İlham Əliyevin «Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir» sözlərinin şahididir. Bu reallıqların müəllifi ölkəmizi dünyada tanıdan, Qarabağı yenidən dirçəldən qətiyyətli Lider İlham Əliyev onun arxasınca gedən xalqımız, çoxluq təşkil edən Azərbaycan gəncliyidir.

Azərbaycan gənci ölkəmizin bu günü və gələcəyi üçün özünün potensial imkanlarından yüksək səviyyədə istifadə edir, hədəflərin reallığa çevrilməsinə töhfələri ilə diqqətdədir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də gənclərimiz fəallıqları ilə diqqət çəkirlər. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır ki, hazırda öz doğma yurd-yuvalarına qayıdan insanların böyük əksəriyyəti bu torpaqları heç vaxt görməyənlərdir. Vətən sevgisi, torpaq həsrəti onları bu torpaqlara qovuşduran əsas amillər sırasındadır. Bu torpaqlara qayıdan gənclər öz potensiallarını ərazilərimizin dirçəldilməsinə, onların yeni həyata başlamasına yönəldirlər.

Bu günlərdə Azərbaycan növbəti beynəlxalq tədbirə- COP29-a uğurla ev sahibliyi etdi. Bu tədbir də Azərbaycan gəncinin, könüllülərin fəaliyyətinin təqdimatında öz sözünü dedi. Azərbaycanın tanıtımında əhəmiyyətli rol oynayan COP29-da böyük çoxluq təşkil edən könüllülərimiz üzərilərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirdilər.

Gənclərimiz bütün sahələrdə uğurları ilə diqqətdədirlər. Onların dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması hazırkı dövrün əsas çağırışları sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizdə könüllülər hərəkatının geniş miqyas alması gənclərə diqqət və qayğının əsas tərkib hissələrindəndir.

Dövlətimizin başçısı İlham Əliyev dekabrın 5-də Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətində bir daha diqqəti bu reallıqlara yönəltdi ki, Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur.

Forumun «Yaşıl dünya naminə həmrəylik ili» çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Həmin müraciətdə o da bildirilir ki, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəal iştirak edirlər.

Cənab İlham Əliyev belə bir inamı ifadə edir ki, gənclər milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatlarının amalı biləcək, Vətənin qüdrətinin artırılması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında yer alan «Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək… Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər» fikirləri Azərbaycan gəncinin keçdiyi inkişaf yolunun təhlili fonunda qarşısında dayanan hədəflərin təqdimatıdır.

Yeganə Əliyeva, «İki sahil»