10 dekabr 2024 02:27
463

Qərbin Gürcüstan ssenarisi iflasa uğrayır

Gürcüstanda baş verən hadisələr göstərdi ki, beynəlxalq hüquq sarsılıb, səlahiyyətlərini itirib, supergüclərin başqalarına təsiretmə vasitəsinə çevrilib. Demokratiya, insan hüquqlarının qorunması bəhanəsi ilə, təsir və təzyiqetmə mexanizmindən istifadə etməklə siyasi maraqlarını istədikləri ölkədə tətbiq etmək təcrübəsini hələ də sınaqdan çıxaran ABŞ-ın, Qərbin Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək cəhdləri daşa dirənib. Rusiyanın forpostu imicini Qərbin himayəsinə keçməklə dəyişən, siyasi adaxlılarının sayını artıran oyuncaq Ermənistandan fərqli olaraq Azərbaycanda planlaşdırdığı oyunların baş tutmadığını görən Qərbin Gürcüstan ssenarisi də iflasa uğrayır. Rusiyaya qarşı siyasi oyunlarını Cənubi Qafqaz vasitəsilə həyata keçirməyə çalışan rəsmi Vaşinqton, Qərbin təbliğat vasitəsinə çevrilən, erməni diasporu tərəfindən maliyyələşən Avropa təsisatları gürcü xalqının iradəsini sındıra bilmirlər. Ermənistanı silahlandırmaqla, hər cür yardım göstərməklə yeganə dayaq nöqtəsini itirmək istəməyən, özünü Qərbin aparıcı gücü hesab edən Fransanın, Almaniyanın çirkin oyunlarının qarşısı xalqın iradəsi ilə alınır. Öz ölkələrində daxili sabitliyin pozulmasına məhəl qoymayan Fransa Prezidenti Emmanuel Makron kimi Almaniyanın Kansleri Olaf Şoltsun Cənubi Qafqaz maraqları o dərəcədə aktuallaşıb ki, vətəndaşlarının tələblərini yerinə yetirmək məsuliyyətlərini belə unudublar. Fransanı bürüyən iğtişaşları, vətəndaşların aksiyalarını görmək istəməyən, özünə qarşı impiçment çağırışlarını eşitməyən Makronun da daxil olduğu Qərbin Gürcüstana demokratiya gətirmək cəhdləri səhrada qum sevdasına bənzəyir.

Bu ölkədə keçirilən parlament seçkiləri ərəfəsində öyrədilmiş qrupların Tbilisinin küçələrində törətdikləri iğtişaşların nəticə vermədiyini görən Qərbin sonrakı cəhdləri də iflasa uğradı. Ölkə əhalisinin mütəşəkkilliyi ilə keçirilən seçkilər nəticəsində formalaşan parlamentin ilk iclası keçirildi, hökumət formalaşdırıldı. Qərbin maliyyələşdirdiyi, «ipə-sapa yatmayan», təlimatlandırılmış, müxalifəti idarə edən bəzi etirazçılar haqqında hüquq normalarına uyğun tədbirlərin görülməsi dövlətinin müstəqilliyini qoruyan ölkə vətəndaşları tərəfindən dəstəkləndi.

Qlobal enerji və nəqliyyat qovşaqlarına nəzarəti əldə saxlamaq üçün Azərbaycanda və Gürcüstanda daxili sabitliyi pozmaqla mənfur niyyətlərinə çatmaq istəyən Ağ Evin və Qərbin birgə planlaşdırdıqları siyasi oyunların əsl mahiyyəti artıq beynəlxalq ictimaiyyətə bəllidir. İllərdən bəri Ermənistana yardım göstərməklə torpaqlarımızın 30 il işğal altında qalmasına göz yumanların hələ də rəsmi İrəvana dəstək göstərməsi Cənubi Qafqaza sahiblənmək niyyətlərinin səngimədiyinin təsdiqidir. Yunanısanı, Hindistanı mənfur əməllərinə şərik edən Fransa və ABŞ Ermənistanı silahlandırsalar da, zenit-raket sistemləri, o cümlədən «S-300»lər versələr də anti-Azərbaycan dairələrin təxribatları, pozuculuq niyyətləri baş tutan deyil. O cümlədən müstəqil xarici siyasət yürütmək istəyən Gürcüstan hökumətinin iradəsini qırmaq, özünün təsiri altına salmaq üçün hər cür təhdid vasitələrindən istifadə edən Qərbin bu ssenarisi də baş tutmayacaq. «Gürcü Arzusu-Demokratik Gürcüstan”» Partiyasının əldə etdiyi qələbədən məyus olan, əsəbini seçkinin nəticələrini tanımadığını açıqlamaqla bildirən Qərbin Tbilisidə davamlı aksiyalar təşkil etmək təşəbbüsləri də özünü doğrultmur. Ötən aylarda parlamentdə müzakirə olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra hərəkətə keçən Qərb dairələrinin trol dəstələri iğtişaşlarını radikal formada davam etdirsələr də onlara dəstək verən etirazçıların sayının azalması Ermənistandan sonra Gürcüstanda oyuncaq hökumət formalaşdırmaq istəyən Qərb dövlətlərinin Cənubi Qafqazı münaqişə poliqonuna çevirmək cəhdlərini iflasa uğradır. Azərbaycanda mənfur niyyətlərini reallaşdıra bilməyən Qərb qonşu ölkədə də istəyinə nail ola bilməyəcək. Regiondan çox-çox uzaqlarda yerləşsələr də başqalarının işlərinə müdaxilənin yolverilməz olduğun bölgədə yaratdığı yeni reallıqlarla bildirən Prezident İlham Əliyevin «Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq» sözləri Qərbə layiq olduğu yerin göstərilməsi, həddinin bildirilməsidir.

Yəni, haqlı ikən haqsız duruma düşmək vəziyyəti artıq arxada qalıb. Situasiyalar müasir dövrün tələblərinə uyğun tam fərqli istiqamətdə inkişaf edir. Cənubi Qafqazın lider dövləti olan, qlobal enerji, nəqliyyat layihələrinin müəllifi , təşəbbüskarı kimi siyasi müstəvidə aktuallığını qoruyan məsələlərə müdaxilə imkanları artan Azərbaycanla razılaşmaq coğrafiyası genişlənib. Hazırda dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini, real vəziyyətə dair obyektiv informasiyaları qətiyyətli lider kimi tanınan, hadisələri obyektiv dəyərləndirən Prezident İlham Əliyevdən almağa üstünlük verirlər. Çünki bütün dünya şahidi oldu ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanın, Türkiyənin, Gürcüstanın birgə iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrinə artan maraq da göstərir ki, bölgəyə kənar müdaxilələr qərəzli dairələrin özlərini hörmətdən salır.

Xuraman İsmayılqızı, «İki sahil»