10 dekabr 2024 00:31
599

Kolorado ştatında Azərbaycanı daha yaxından tanıyacaqlar

Soydaşlarımız orada yeni diaspor təşkilatı yaratdılar

Müasir dünyamızda güclü diaspor təşkilatları ərazisində yaşadıqları dövlətlərə müəyyən təsir gücünə malikdir. Bu təşkilatlarda birləşənlər xaricdə öz xalqlarının və vətənlərinin problemlərinin qaldırılmasında və həll edilməsində önəmli xidmət göstərə bilirlər. Ancaq diaspor fəaliyyəti mürəkkəb bir orqanizm kimi olduğu və külli miqdarda maliyyə vəsaiti tələb etdiyi üçün onun təşkili olduqca çətindir. Ona görə də bir çox xalqların xaricdə yaşayan nümayəndələri birləşib diaspor təşkilatları qurmağı xəyallarına belə gətirmirlər. Ancaq burada ən əsas bir amil var. Yetər ki, Vətənini sevən insanlarda bu istək və ona doğru addım atmaq əzmi olsun. Dünyada elə böyük dövlətlər var ki, onların vətəndaşları Yer kürəsinin hər yerinə səpələniblər, lakin bu gün onların diaspor təşkilatı yoxdur. Soydaşlarımızda isə Vətənə məhəbbət və bağlılıq hissləri başqalarından daha güclüdür. Ona görə də bu gün  əksər ölkələrdə diaspor təşkilatlarımız uğurla fəaliyyət göstərir. Bu günlərdə okeanın o tayından daha bir şad xəbər almışıq.

ABŞ-ın Kolorado ştatında məskən salmış soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıblar. "Koloradoda Azərbaycan diasporu" adlanan təşkilatın təsisçisi və rəhbəri soydaşımız Nigar Şıxsəfiyevadır. Təşkilatın məqsədi  Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini canlandırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.

Kolorado azərbaycanlılarının əsas hədəfi ABŞ-da yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan ədəbiyyatının, tarixinin, incəsənətinin və mədəniyyətinin təbliğidir.

 Nigar Şıxsəfiyeva əvvəllər bir müddət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işləyib. O, nazirliyin mətbuat xidmətində çalışıb. Nazirlikdən ayrıldıqdan qısa müddət sonra isə fəaliyyətini Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində davam etdirib. Amma ailə həyatı qurması ilə əlaqədar ABŞ-a köçdüyü üçün öz ərizəsi ilə işdən çıxıb. Nigar Şıxsəfiyeva, həmçinin hazırda "Baku TV"nin Amerikada xüsusi müxbiri vəzifəsində çalışır. Onun təşəbbüsü ilə Kolorado ştatında yaşayan soydaşlarımız orada bir araya gələrək Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıblar. Təbii ki, Nigar xanımın bu qiymətli təşəbbüsü təqdirəlayiqdir. Yaxşı olardı ki, təşkilatın ayağa qalxmasının və fəaliyyətinin daha da canlandırılması üçün imkanlı iş adamlarımız öz büdcələrindən müəyyən miqdarda maliyyə vəsaiti ayıralar. Çünki elə tədbirlər var ki, onun təşkili üçün müəyyən vəsait tələb olunur. Necə deyərlər, "Boş süfrəyə dua oxunmur."

Xatırladaq ki, düşmənimiz olan ermənilərin diaspor təşkilatları daim ərazisində yaşadıqları ölkələrdə Azərbaycana qarşı mənfi münasibət formalaşdırmağa cəhd edirlər. Bu baxımdan onlar ABŞ-da, Rusiyada, Fransada, Yunanıstanda pozucu işlər görməyə müvəffəq olublar. Həmin ölkələrdə erməni diaspor təşkilatları dövlətlərin rəhbərliklərini, parlamentlərinin üzvlərini, nazirləri və digər nüfuzlu şəxsləri müəyyən vasitələrlə ələ ala biliblər. Necə olur ki, ABŞ Senatnın və Fransa parlamentinin konqresmenlərinin və senatorlarının böyük bir qrupu haqq-ədaləti bir yana atıb canfəşanlıqla erməni işğalçılarının terrorçu və vəhşi əməllərini müdafiə edirlər? Fransa senatının üzvləri gözlərinin qarşısında Xocalı qətliamını görmür, amma 1915-ci ildəki beş-on xəyanətkar erməninin ölməyini soyqırımı kimi qəbul edir? Azərbaycan kimi qonşularla dinc yanaşı yaşamağa üstünlük verən bir ölkəyə bu qədər hücumların ssenarilərini kim yazır? Əlbəttə, bu sualların cavabını hamıdan yaxşı xarici ölkələrdəki erməni lobbisi və onların sözü ilə oturub-duranlar bilir.

Birinci Qarabağ müharibəsi illərində bu ölkələrdəki erməni icmaları və diaspor təşkilatları xaricdəki tərəfdarları ilə Azərbaycan ətrafında informasiya blokadası yaratmaqda fəal iştirak edirdilər. 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələndən sonra informasiya blokadası yarıldı, dünya Azərbaycan həqiqətlərini birinci şəxsdən öyrəndi. Dahi rəhbərimiz səfərdə olduğu ölkələrdə həmvətənlərimizlə, tələbə-gənclərlə görüşlərində birləşməyi və təşkilatlanmağı tövsiyə edirdi. Ümummilli Liderin tövsiyələrindən ruhlanan xaricdəki soydaşlarımız birləşməyə və təşkilatlanmağa başladılar. İkinci Qarabağ müharibəsi günlərində ABŞ-da, Almaniyada və daha bir neçə ölkədə onlar meydanlara və küçələrə çıxaraq nümayişlər keçirdilər və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdılar.  Lakin böyük dövlətlərdə kök salmış erməni diasporları hələ də müəyyən gücə malikdir.

Buna görə də Kolorado ştatında yaradılmış Azərbaycan diaspor təşkilatının üzərinə böyük vəzifə düşür. Bu təşkilat orada yuva bağlamış erməni diasporunu zərərsizləşdirməli, onu etibardan salmalı və Azərbaycanın nüfuzunu daha da yüksəltməlidir. Bununla bərabər, dövlət strukturlarında çalışan vəzifəli şəxsləri öz tərəfimizə çəkməli, hökumətə təsir rıçaqlarına malik olmalıdır. Axı, diaspor təşkilatlarının gücü ölkəmizin gücü deməkdir.

Vəli İlyasov, "İki sahil"