Təcavüzkar Ermənistan zaman-zaman beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibə cinayətləri törədib. Onlar həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük müharibədə həmin bəd əməllərini yalnız cəbhə bölgələrində deyil, ətraf ərazilərdə də davam etdiriblər. Hətta haylar 44 günlük müharibədə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə 30 minə yaxın mərmi və 227 raket atıblar.
Təkcə bir faktı xatırladaq ki, Ermənistanın “Toçka-U”, “Smerç”, “Skad” və digər tipli dağıdıcı raketlərlə atəşə tutması nəticəsində Gəncədə aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bərdə şəhərinə raket hücumu zamanı isə düşmən qadağan olunmuş kaset tipli bombalardan istifadə edib.
Bütün bunlar, həmçinin əsir və girov götürülmüş şəxslər, daşnakların işğal dönəmində basdırdıqları minalar, ekologiyamıza vurduqları ziyan, kütləvi məzarlıqlar, soyqırımları, viranə qoyduqları yaşayış məskənlərimiz, qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımız barədə Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində, o cümlədən digər hüquqi platformalarda kifayət qədər sübutlarla söz açıb. Üstəlik, ölkəmizdə keçirilən bütün mötəbər tədbirlərdə Qarabağ həqiqətləri, erməni vəhşiliyi, dinc əhalinin başına gətirilən müsibətlər, soyqırımları dünya ictimaiyyətinə çatdırılır. Şübhəsiz, bu prosesdə həmin beynəlxalq tədbirlərə gələn qonaqların Qarabağa, Şərqi Zəngəzura səfərləri mühüm rol oynayır. Çünki onlar hayların vəhşilikərinə əyani şahidi olurlar. Bütün bunlar Ermənistanın müharibə cinayətlərinin dünyada ifşa olunmasına xidmət edir.
Amma hələ ki, beynəlxalq səviyyədə Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bu müharibə cinayətlərinə hüquqi qiymət verilmir. Üstəlik, Qərbi azərbaycanlıların doğma yurlarına qayıdışına da məhəl qoyulmur. Hətta Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırsa da qarşı tərəf bundan imtina edib.
Aydındır ki, bütün bunların arxasında bu və ya digər qurumları ələ alan erməni lobbisi dayanır. Halbuki, bu cür ağır cinayətlər törətməkdə şübhəli bilinən və ya onların törədilməsinə göstəriş verən şəxslər beynəlxalq axtarışa verilməlidirlər. Bu cür cinayətləri törədən ermənilərin siyahısı ölkəmiz tərəfindən hazırlanıb. Bu mənada onları məsuliyyətə cəlb etmək məqsədi ilə əlavə gedişlərin edilməsinə heç bir ehtiyac yoxdur.
Doğrudur, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verirlər. Amma Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb. Prezident İlham Əliyevin sözləri ilə desək, əksinə onlar qəhrəmanlaşdırılıblar. Yəni, hələ də Ermənistanın hərbi cinayətləri dünya tərəfindən tanınmayıb. Bu da şübhəsiz, hazırda dünyada beynəlxalq hüququn norma və prinsiplərinə etinasız münasibətdən xəbər verir.
Amma bu məsələyə bədbin yanaşmamalıyıq. Belə ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycanın dostları artmaqdadır. Bu, həm mədəni, iqtisadi maraqlardan doğur, həm də qələbəmizdən sonra Azərbaycanın artıq bölgədə böyük bir güc olduğunun etirafı kimi qəbul edilir. Çünki başqa dövlətlər Azərbaycanın gələcək inkişafını və daha da yüksəlişini hesablayır, görür və ona görə indidən əlaqələri qorumaq, gücləndirmək arzusundadırlar. Şübhəsiz, bütün bunlar təcavüzkar Ermənistanın bu cinayətlərinin cavabsız qalmayacağından xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın Qarabağda işğal dövründə törətdiyi müharibə cinayətləri barədə elə həmin gün yeni hesabat təqdim etmək niyyətindədir.
Qvami Məhəbbətoğlu, “İki sahil”