Fransa və Niderland tarixən yeni ərazilər ələ keçirmək, bu və ya digər bölgədə möhkəmlənmək uğrunda mübarizə aparıblar. Hazırda bu dövlətlər Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətlərində saxlayırlar. Bir çox tərəqqipərvər ölkələr Afrika ölkələrinin hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir. Azərbaycan isə onların müstəmləkəçilik siyasətinə qarşı ən aktiv mübarizə aparan bir ölkə kimi tanınır. Azərbaycan Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə Fransanın və Niderlandın zülmündən əziyyət çəkən ölkələrin səsini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin onları beynəlxalq təşkilatlara üzv etmək istiqamətində ciddi addımlar atır. Hətta bununla bağlı müraciətlər edir. Bu da öz səmərəsini verməkdədir. Ölkəmizin mənəvi dəstəyi ilə Bonayre, Sent-Martin, Aruba, Kurasao, Yeni Kaledoniya, Fransız Polineziyası, Vallis və Futuna, Mayotte, Korsika, Qvadelupa, Martinik, Fransız Qvianası və Reunion kimi bölgələrin müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizəsini davam etdirməsi bu faktı bir daha sübut edir. Bütün bunlara istinadən belə qənaətə gəlmək olar ki, müstəmləkəçilik əsarəti altında olan regionlar Azərbaycana ümid qapısı kimi baxırlar.
Amma görünən odur ki, istər Fransa, istərsə də Niderland Azərbaycanın bu kimi addımlarına qısqanclıqla yanaşır. Odur ki, ölkəmizə qarşı apardıqları iyrənc siyasətlərinə yeni çalarlar əlavə etməyə çalışırlar. Hətta BTQ-yə təzyiqlər də edirlər. Bu, əslində başadüşüləndir. Çünki BTQ-nin fəaliyyətinə qədər dünya ictimaiyyəti Fransanın və Niderlandın amansız müstəmləkə siyasətindən xəbərsiz idi. BTQ isə bütün bunları çəkinmədən gündəmə gətirir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən Fransa və Niderland dəfələrlə ölkəmizə qarşı müxtəlif qətnamələrlə, o cümlədən sanksiyaların tətbiqi ilə bağlı çağırışlar ediblər. Üstəlik Ermənistanın əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxartmaqla, Türkiyənin artan nüfuzunu neytrallaşdırmaqla bölgədə möhkəmlənmək istəyən Makron Fransası öz niyyətinə çatmaq məqsədilə hazırda təcavüzkar ölkəni silahlandırmaqda davam edir. Niderland isə guya Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması, Qarabağda etnik təmizləmə aparması, mədəni irsə zərər vurması kimi heç bir əsası olmayan ifadələr səsləndirir.
Bütün bunlar göstərir ki, Fransa və Niderland Cənubi Qafqazda sabitliyi pozmaq, həm də regionda öz geosiyasi ambisiyalarını reallaşdırmaq niyyətində israrlıdır. Halbuki, Azərbaycan indiyədək heç bir ölkənin daxili işlərinə qarışmayıb və qarışmaq fikri də yoxdur. Rəsmi Bakı sadəcə kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə çalışır və bu istiqamətdə əməli addımlar atır. Özü də bütün bunları beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir. Bu mənada əminliklə demək olar ki, Azərbaycan konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşı mübarizə aparır.
Məlumat üçün qeyd edək ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Artıq bir ildən çoxdur ki, BTQ müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizələrinə dəstək verir. Bu xüsusda, BTQ artıq 20-dən çox beynəlxalq tədbir təşkil edib, hesabatlar dərc edərək aidiyyəti beynəlxalq təşkilatlara göndərib. Yeri gəlmişkən, dekabrın 6-da Bakıda BTQ-nin təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan, iki yerə bölünən Sen-Martin adasına həsr edilmiş "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" adlı beynəlxalq konfrans keçirilib. Konfransın açılışında çıxış edən Sen-Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib.
Sen-Martindəki “Pro Soualiga” Fondunun katibi Renate Brayson isə BTQ-nin dəstəyi ilə beynəlxalq qurumlarla görüşlər keçirmək imkanına nail olacaqlarını əminliklə dilə gətirib. Şübhəsiz, bu tədbir Sen-Martin xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq. Həmin tədbir çərçivəsində BTQ ilə Vahid Sen-Martin Assosiasiyası arasında Anlaşma Memorandumu da imzalanıb.
BTQ-nin keçirdiyi beynəlxalq tədbirlərin 5-i BMT-nin qərargahlarında baş tutub. Sonuncu dəfə BMT-nin İnsan Hüquqları Komitəsinə Yeni Kaledoniyada, Fransız Polineziyasında, Martinikdə baş verən hadisələrlə bağlı Fransanın müstəmləkəçilik siyasətinə dair hesabat təqdim olunub. Bunun nəticəsində BMT-nin İnsan Hüquqları Komitəsi son 10 ildə ilk dəfə olaraq Fransa hökumətindən hesabat tələb edib. Nəticədə Fransa sözügedən məkanlarda insan hüquqlarına dair hesabat təqdim etmək öhdəliyi götürüb. Şübhəsiz, bunu da BTQ-nin uğurlarından biri kimi dəyərləndirmək olar. Bəli, müstəmləkə altında inləyən xalqların müstəqillik uğrunda ədalətli mübarizəsini dəstəkləyən BTQ-nin fəaliyyəti təqdirəlayiqdir. Elə bu kimi səbəblərdən Prezident İlham Əliyev bu qurumun fəaliyyətini dəfələrlə yüksək dəyərləndirib.
Qvami Məhəbbətoğlu, “İki sahil”