Bu gün Qərbin nəzarətində olan informasiya resursları Azərbaycan xalqının Qarabağdakı qələbəsinin əhəmiyyətini azaltmağa, tarixi Zəfərimizi sosial problemlər kontekstində gözdən salmağa, xüsusilə də regionlarda sosial narazılıq ocaqlarını qızışdırmağa çalışırlar. Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir, ölkələrdəki həssas qruplarla təmas qurur, cəmiyyətlərdə narazılıq, çaxnaşma yaratmaq məqsədi güdürlər. 2014-2023-cü illərdə ABŞ federal hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. Burada əsas məqsəd suveren respublikaların daxili işlərinə müdaxilə etməkdir. Qonşu ölkələrdə baş verən “rəngli inqilab”lar, Yaxın Şərqi qan gölünə döndərən siyasi proseslər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. OCCRP və buna bənzər layihələr ABŞ və digər Qərb dövlətləri tərəfindən birbaşa siyasi məqsədlərə xidmət edir. Onlar sadəcə olaraq qadın və uşaq hüquqları, sosial məsələlər, həssas qruplara dəstək adı altında pərdələnirlər. Qərb bu təşkilatlardan geopolitik müstəvidə silah kimi istifadə edir. Çox təəssüflər olsun ki, bəzi yerli media və QHT rəhbərləri də onların maşasına çevrilirlər. Xaricdən maliyyələşən jurnalistlər və media qurumları bəzən öz ölkələrinin maraqlarını satmaqdan belə çəkinmir, düşmən mövqeyindən çıxış edirlər. Xarici ölkələrin birgə nəşrlərinin araşdırması bir daha onu sübut etdi ki, ABŞ və Qərb tərəfindən maliyyələşdirilən media qurumlarının qarşısına yalnız bir məqsəd qoyulur: ölkələrdə çaxnaşma, xaos, gərginlik, süni gündəm yaratmaq və dövlətlərin daxili işlərinə sirayət etməklə xalqda etiraz ruhunu qaldırmaq.
Təəssüf ki, son 30 ildə erməni işğalına nəinki göz yuman, hətta bu işğala haqq qazandıranlarla Azərbaycandakı radikal müxalifətin mövqeləri üst-üstə düşür. AXCP sədri Əli Kərimli konqresmenlərin sanksiya çağırışlarını nəzərdə tutaraq yazır: «İndiyə qədər deyirdik ki, dünya səsimizə səs versin. İndi elə vəziyyət yaranıb ki, gərək biz də xalqımız üçün səsini ucaldan dünyanın səsinə səs verək.» Hazırda özünü ermənidən betər erməni kimi aparan bu ünsür milli kimliyini o səviyyədə unudub ki, ABŞ-ın və bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı sanksiya tətbiq etməsini dəstəkləyir, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizi və Qarabağdakı separatçı- terrorçu xuntanın özünü buraxaraq mövcudluğuna son verməsini məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Əli Kərimli və ətrafı da eyni səviyyədə qəbul edə bilmir. Radikal müxalifət sosial şəbəkələr vasitəsi ilə özünün varlığını sübut etmək üçün dəridən –qabıqdan çıxır. Xüsusilə AXCP sədri Əli Kərimlinin və Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının trol dəstələri bütün günü hakimiyyəti və hətta onlara dəstək verməyən xalqı söyməklə, cəmiyyətə saxta və böhtan dolu informasiyalar yaymaqla özlərinin fəaliyyətlərini gözə soxmağa çalışırlar. Ancaq uzun illərdir həqiqi siyasi yarışın arqumenti olan seçkilərdən isə qaçırlar.
Xəyanəti siyasətlə səhv salan bu məlunlar anlamırlar ki, heç bir qüvvə xalqımızı öz düzgün yolundan sapdıra bilməz. Çünki bu Qələbə ölkəmizdə mövcud xalq-hakimiyyət birliyinin qələbəsidir.
Bu gün hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi qaçılmaz prosesə çevrilib. Bu qaragüruhçuların hazırda Avropanın müxtəlif ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum, orduxan teymurxanlarla, məhəmməd mirzəlilərlə, tural sadıqlılarla sıx işbirliyi içərisində olmaları da hamımıza məlumdur.
Azərbaycan cəmiyyəti əxlaqi keyfiyyətləri yerində olmayan mənəvi terrorçuların və qaragüruhun hərəkətlərinə layiqli cavab verməyin yolunu yaxşı bilir. Belə olmasaydı, nə keçən əsrin 90-cı illərinin total böhranından, dövlətin iflasından xilas olmaq, nə də ölkəni qısa müddətdə bu qədər inkişaf etdirmək, müasirləşdirmək və gücləndirmək olardı. Başda AXCP olmaqla dağıdıcı müxalifət düşərgəsi Azərbaycan siyasi arenasında öz mahiyyətini, dəyərini çoxdan itirib.
Şəmsiyyə Əliqızı, “İki sahil”